“Abidə” MTK-nın balansında olan, Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov, L.Tolstoy, S.Tağızadə və Zərgərpalan küçələrinin kəsişməsi, 252-ci məhəllədə 0.346904 ha torpaq sahəsində yerləşən tikintisi başa çatmamış binanın tikinti-quraşdırma işlərinin başa çatdırılması üçün “ASK” ASC tərəfindən zəruri tədbirlər həyata keçirilmiş və proses hal-hazırda da davam etdirilməkdədir.
Beləki, sözügedən bina “ASK” ASC-yə təhvil verildikdən sonra podratçı şirkətlər tərəfindən binanın dam örtüyü işləri tamamlanmış, damda 28 ədəd qülləşəkilli kiçik memarlıq elementlərindən 25 ədədi tam, 3 ədədinin isə gövdəsi quraşdırılmış, binanın perimetri boyunca drenaj sisteminin təxminən 60%-i quraşdırılmış, daxili kommunikasiya xətlərinin çəkilişinə başlanılmış, həmçinin, tikinti ərazisində yerləşən bir ədəd bir mərtəbəli mövcud yaşayış binasının söküntüsünün layihəsi hazırlanaraq Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi (bundan sonra Ekspertiza müəsissəsi) tərəfindən layihəyə müsbət rəy alınaraq söküntüyə başlanılmışdır.
Binanın xarici kommunikasiya təchizatı xətləri, o cümlədən qaz, su, kanalizasiya və elektrik təminatı vasitələri müvafiq texniki şərtlərə tam uyğun surətdə quraşdırılıb başa çatdırılaraq aidiyyəti dövlət qurumları tərəfindən istismara qəbul edilmişdir. Həmçinin xarici yanğınsöndürmə və içməli su üçün nəzərdə tutulan iki ədəd su anbarının, nasosxananın işçi layihəsi hazırlanmış, ekspertiza müəsissəsi tərəfindən müsbət rəy alınaraq tikinti-quraşdırma işlərinin 25%-i yerinə yetirilmişdir.
Eyni zamanda, istismara verilməsi nəzərdə tutulan 6 ədəd (3 ədəd sərnişin və 3 ədəd yük) liftlərdən 5 ədədi tam olaraq quraşdırılmış, onlardan 3 ədəd yük lifti tam işlək vəziyyətə gətirilmiş, digər 2 liftlərlə bağlı isə son elektrik-quraşdırma işlərinin tamamlanması həyata keçirilir, 1 ədəd sərnişin lifti ümumiyyətlə quraşdırılmamışdır.Sakinlərin və qeyri-yaşayış sahələrinin sahiblərinin şəxsi avtomobillərinin binanın -2 və -3 mərtəbələrində yerləşən qaraj sahələrinə rahat giriş-çıxışının təmin edilməsi məqsədi ilə ikimərtəbəli pandusun inşasına başlanılmış, artıq bu istiqamətdə dəmir-beton karkas işləri əsasən yekunlaşmaq üzrədir, yüngül metal konstrukisiyalardan giriş günlüyünün quraşdırılması ilə pandus işləri yekunlaşacaqdır.
Binanın M.Muxtarov və Zərgərpalan küçələri səmtindəki fasadlarında ümumilikdə 4 ədəd vitraj “ağlay” materialı ilə haşiyələnmişdir.SüleymanTağızadə küçəsi boyu istinad divarlarının dəmir-beton lentvari özülləri tamamlanaraq üzərində divarların hörgüsünün 50%-i yerinə yetirilmiş, 1 ədəd pilləkənin dəmir-beton özülü və yan divarı qurulmuşdur.
Binanın layihə üzrə 1-ci blokuna insanların, maşın-mexanizmlərin, o cümlədən xüsusi yanğınsöndürmə texnikasının sərbəst yanaşmasına maneçilik törədən L.Tolstoy, 86 ünvanında yerləşən yarıuçuq yaşayış binasının zəruri hüquqverici sənədlər tam əldə edildikdən sonra söküntü işlərinə başlanılmışdır.