“Azərbaycan Sənaye Korporasiyası” ASC-də “İllik biznes plan və büdcənin hazırlanması” və “Maliyyə nəzarəti və risklərin idarəedilməsi” layihələrinin təqdimatı keçirilib.
ASC-dən AZƏRTAC-a bildirilib ki, adıçəkilən layihələrə aid yeni təlimatları və işçi faylları təqdim edən korporasiyanın Maliyyə departamentinin direktoru Rövşən Məmmədov zamanın tələblərinə və yeni çağırışlara çevik reaksiya verərək düzgün biznes qərarlarının qəbulu prosesində qeyd olunan layihələr üzrə yeni yanaşmaların tətbiqinə daim ehtiyac olduğunu deyib. Maliyyə departamentinin direktoru qeyd edib ki, təlimatlar beynəlxalq standartlara və təcrübəyə əsaslanaraq hazırlanıb və korporasiyaya daxil olan müəssisələrin biznes modelləri, strategiyaları və iş proseslərinin xüsusiyyətləri nəzərə alınıb. Təqdimat iştirakçılarını korporasiyanın maliyyə funksiyasının missiyası, dəyərləri və strateji istiqamətləri ilə də tanış edən Rövşən Məmmədov onu da vurğulayıb ki, biznes planlaşdırması, maliyyə nəzarəti, risk mühitinin təhlili proseslərinin təşkili və mütəmadi monitorinqi bu işlərin əsas tərkib hissəsi sayılır.
Təqdimatda mövzu ilə bağlı suallar dinlənilib və cavablandırılıb. Vurğulanıb ki, gələcəkdə yeni tələblər yarandıqca bu təlimatlara dəyişikliklər olunacaq və onlar təkmilləşdiriləcək.
Sonda korporasiyanın baş direktoru Kamran Nəbizadə hər iki layihə ilə bağlı fikir və tövsiyələrini bildirib.