Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində qədim ənənələrə söykənən baramaçılığın və ipəkçiliyin bərpası və inkişaf etdirilməsi kənd təsərrüfatının prioritet istiqamətlərindən biri kimi müəyyən edilib.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair 2004-cü ildən etibarən qəbul edilmiş dövlət proqramları çərçivəsində ölkədə ipək məhsullarının istehsalı, tədarükü və emalı sahələrində sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, ənənəvi baramaçılıq rayonlarında barama istehsalının və emalının dəstəklənməsi üçün zəruri tədbirlər görülüb.
Baramaçılığın və ipəkçiliyin inkişafı üzrə nəzərdə tutulan işlərin vahid proqram əsasında həyata keçirilməsi məqsədi ilə hazırlanmış “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” bu sahəyə dövlət dəstəyinin gücləndirilməsinə, ixrac potensialının artırılmasına və kənd yerlərində məşğulluğun təmin edilməsinə yönəldilib.
“Azərbaycan Sənaye Korporasiyası” ASC tərəfindən “Azəripək” MMC-də aparılan yenidənqurma işləri Korporasiyanın Dövlət Proqramının icrası istiqamətində həyata keçirdiyi tədbirlərdəndir. Belə ki, cari ildə tədarük olunan baramanın ilkin emalının təmin edilməsi məqsədi ilə “ASK” ASC tərəfindən ayrılmış vəsait hesabına “Azəripək” MMC-də zəruri tədarük və emal imkanlarının genişləndirilməsi üçün müvafiq tədbirlər görülüb. Hesabat dövründə 2 ədəd yeni barama boğan avadanlıqları və 1 ədəd 10 tonluq buxar qazanı alınaraq, quraşdırılıb və istismara verilib. Eyni zamanda tədarük olunacaq baramanın ilkin emalı üçün mövcud binalarda 23 min kv. metrilk xüsusi tərəcəcələrin quraşdırılması, 2 ədəd liftin əsaslı təmiri, 2 ədəd mövcud baramaboğan avadanlıqların cari təmiri, qurudulmuş baramanın saxlanması üçün kisələrin hazırlanması və xüsusi anbar infrastrukturunun yaradılması məqsədi ilə tədbirlərin icrası uğurla başa çatdırılıb.
Bununla yanaşı, “Azərbaycan Respublikasında ipəkçiliyin və baramaçılığın 2018-2025-ci illər üzrə inkişafına dair Dövlət Proqramının”da qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün Şəki şəhərində 1.6 ha torpaq sahəsində yeni Barama Tədarükü və Emalı Məntəqəsinin yaradılması məqsədi ilə texniki-iqtisadi əsaslandırma və layihələndirmə işlərinin icrası da davam etdirilir.