“Azərbaycan Sənaye Korporasiyası” ASC və Dövlət Məşğulluq Agentliyi arasında görüş keçirilmişdir

         “Azərbaycan Sənaye Korporasiyası” ASC, “Azərpambıq ASK” MMC və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında  Dövlət Məşğulluq Agentliyinin rəhbər heyəti arasında görüş keçirilmişdir.

         “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Baş direktoru Kamran Nəbizadə rəhbərlik etdiyi qurumun yaranması və ümumi fəaliyyətindən danışaraq qeyd etmişdir ki, Korporasiyanın qarşısında duran əsas vəzifələrin icrası zamanı regionlarda və bütövlükdə respublikada yeni iş yerlərinin açılması ilə işsizliyin aradan qaldırılması, əhalinin maddi-rifah halının yüksəldirməsinin təmin edilməsi hər zaman diqqət mərkəzində olmuşdur.   

          Agentliyin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli  isə öz növbəsində rəhbərlik etdiyi qurum tərəfindən həyata keçirilən islahatlar, o cümlədən emas portalı və bu qəbildən yaradılan digər elektron xidmətlər haqqında məlumat vermişdir. 

           Görüşdə Agentliyin nümayəndəsi tərəfindən işsiz statusa malik olan şəxslərin tələb edilən peşələr üzrə ixtisaslaşması üçün maliyyələşməni təmin edən layihə haqqında məlumat verilmişdir. Bildirilmişdir ki, sözügedən layihə əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində atılan uğurlu addımlardandır.    

          “Azərpambıq ASK” MMC-nin nümayəndəsi haqqında bəhs edilən layihənin müvafiq ixtisasa malik kadrların hazırlanmasında əhəmiyyətə malik olduğunu vurğulamışdır. 

           Görüşün sonunda birgə əməkdaşlığın növbəti mərhələsində qeyd olunan məsələlər üzrə müəyyən məlumatların hazırlanması və yeni görüşlərin keçirilməsi qərara alınmışdır.

Fotolent

Yeni xəbərlər