“Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi və “Azərbaycan alüminiumu” (“Azəralüminium”) Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 9 aprel tarixli 2570 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN SƏRƏNCAMI
“Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi və “Azərbaycan alüminiumu” (“Azəralüminium”) Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 9 aprel tarixli 2570 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə:
1. Sumqayıt Şəhər İcra Hakimiyyəti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, “Azərbaycan alüminiumu” (“Azəralüminium”) Səhmdar Cəmiyyətinin (bundan sonra – Cəmiyyət) Sumqayıt istehsalat sahəsinin istifadəsində olan Sumqayıt şəhəri, Metallurgiya küçəsi, 1 ünvanındakı 67.35 hektar və Sumqayıt şəhərində Sumqayıt Kimya Sənaye Parkının qərb sərhədi boyunca yerləşən 8.05 hektar olmaqla, ümumilikdə 75.4 hektar torpaq sahəsinin icarəyə vermək hüququ ilə Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin daimi istifadəsinə verilməsini bir ay müddətində təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Cəmiyyətin kreditor borclarının tənzimlənməsi ilə bağlı təkliflərini hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətini itirmiş işçilərinə və ya ölmüş işçilərinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə verilən aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına ödənilən aylıq müavinətin ölkə üzrə müəyyən edilmiş minimum əməkhaqqı nəzərə alınmaqla, məbləğin və həmin ödəncin ödənilməsi qaydasına dair mövcud normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
4. Bu Sərəncamın 1-ci hissəsinin icrası Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinə, 2-ci hissəsinin icrası Sənaye və energetika şöbəsinə, 3-cü hissəsinin icrası Sosial məsələlər şöbəsinə həvalə edilsin.
5. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş Naziri
Bakı şəhəri, 16 aprel 2021-ci il
№ 245s