AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 dekabr tarixli 1704 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, №12, maddə 2272; 2018, №6, maddə 1201) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2-ci hissəyə “əmlakı” sözündən sonra “, habelə alınacaq aktivlər üzrə tələb hüququ “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən “Aqrarkredit” QSC-yə ötürülmüş Birləşmiş Ərəb Əmirliklərinin “Fujairah” azad iqtisadi zonasında yerləşən pambıq iplik istehsalı üzrə “United Textiles FZE” müəssisəsinin maşın və avadanlıqları” sözləri əlavə edilsin.
1.2. Aşağıdakı məzmunda 10.1.5-ci yarımbənd əlavə edilsin:
“10.1.5. “United Textiles FZE” müəssisəsinin maşın və avadanlıqlarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsi, müasir texnologiyalar əsasında pambıq iplik istehsalı üzrə yeni müəssisənin yaradılması, istehsalının artırılması, son məhsulun istehsalına qədər texnoloji zəncirin qurulması.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 fevral 2020-ci il
№ 944