“Azərbaycan Sənaye Korporasiyası” ASC “Mühasiblərin və Auditorların VI Avrasiya Forumu”nda iştirak edib

Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının (APFM), Azərbaycan İqtisadçılar İttifaqının və Azərbaycan Respublikasının Auditorlar Palatasının birgə təşkilatçılığı ilə “Mühasibat uçotu və audit: müasir çağırışlar” mövzusunda Bakıda Avropanın və Asiyanın bir çox ölkələrinin nüfuzlu qurumlarının nümayəndələrini cəmləşdirən “Mühasiblərin və Auditorların VI Avrasiya Forumu” keçirilib. Forumda 20 ölkədən xarici nüməyəndələr, peşəkar mütəxəssislər və eyni zamanda yerli qurumların nümayəndələri iştirak ediblər.

Forumun təşkilində əsas məqsəd qloballaşan dünya iqtisadiyyatında yaranmış vəziyyət, maliyyə resurslarından səmərəli istifadə etmək, idarəetmə sistemində və bütövlükdə sosial-iqtisadi həyatda şəffaflığın yüksəldilməsi sahəsində peşəkar müzakirələr aparmaq, mövcud problemləri təhlil etmək, beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq institusional mexanizmlərin fəaliyyət istiqamətlərini dəqiqləşdirmək, bu sahədə beynəlxalq standartların tətbiqi, maarifləndirmə və beynəlxalq əməkdaşlıq üzrə real nəticələr əldə etməkdən ibarət idi.

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktoru Kamran Nəbizadə Avrasiyanın mühasibləri və auditorları üçün mühüm və əhəmiyyətli bir hadisəyə çevrilən bu forumda iştirak edib. “Korporasiyada beynəlxalq standartlara uyğun korporativ  idarəetmə və nəzarət sistemlərinin tətbiqi” mövzusunda çıxış edən baş direktor bildirib ki, ölkəmizdə həyata keçirilən davamlı və məqsədyönlü iqtisadi islahatlar çərçivəsində 2017-ci ildə yaradılan “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti  fəaliyyət göstərdiyi müddət ərzində Korporasiya və nəzdində olan törəmə müəssisələrdə beynəlxalq standartlara uyğun korporativ idarəetmə və nəzarət sistemlərinin formalaşdırılması prinsiplərini əsas götürüb. Kamran Nəbizadə əlavə edib ki, bu istiqamətdə ilk addım olaraq normativ hüquqi baza formalaşdırılıb, cəmiyyətin funksional strukturu biznes proseslərə uyğun olaraq portfel idarəetməsi prinsipi əsasında qurulub.

Korporasiyada korporativ idarəetmə prinsiplərinə riayət olunmasını təmin etmək məqsədilə dövlət tərəfindən səhmdar funksiyasının effektiv şəkildə icrası, effektiv fəaliyyət göstərən Müşahidə Şurasının təşkili, səhmdar cəmiyyətin fəaliyyətinin şəffaflığının təminatı, səmərəli və çevik icra sisteminin təşkili, risklərin effektiv idarə edilməsi sisteminin formalaşdırılması və korporativ sosial məsuliyyətə dair daxili normativ sənədlərin formalaşdırıldığını vurğulayan baş direktor onu da qeyd edib ki, təsdiq edilmiş normativ sənədlərdə korporasiya üzrə biznes proseslər tam olaraq qurulub və elektron sistemlərə inteqrasiya olunmasına başlanılıb.

Kamran Nəbizadənin sözlərinə görə, biznes proseslərin elektron idarəetmə sistemləri üzərindən aparılması üçün Korporasiyada “1C-ERP” sisteminin tətbiqinə də  başlanılıb ki, bu sistem üzərindən maliyyə idarəetməsi, insan resurslarının idarə olunması, satınalma, satış, istehsal və digər biznes proseslərin avtomatlaşdırılması həyata keçirilir.

Baş direktor onu da bildirib ki, müasir menecmentin əsas tələblərindən biri pul axınları üzərində adekvat nəzarəti təmin etmək, proqnozların dəqiqliyini və investisiyaların səmərəliliyini artırmaq, satınalma prosesinin şəffaflığını təmin etməkdir ki, bu məqsədlə də törəmə müəssisələrdə “1C ERP” sistemi ilə yanaşı Holdinq platformasının tətbiqinə başlanılıb. Qeyd edilən platforma üzərindən mərkəzləşdirilmiş büdcə sistemi, satınalma, maliyyə nəzarəti və satış proseslərinin aparılması hədəflənir.

Korporativ idarəetmə prosesləri zamanı məlumat mübadiləsinin və sənəd dövriyyəsinin effektivliyinin təmin olunması məqsədilə Korporasiyada elektron kargüzarlıq sisteminin tətbiqinə başlanıldığını qeyd edən baş direktor  Kamran Nəbizadə yekun olaraq bildirib ki, dövlət idarəçiliyinin təkmilləşdirilməsinə yönəlmiş struktur islahatları dövlət qurumlarının işinin səmərəliliyinin yüksəlməsini, biznes mühitində şəffaflığın təmin edilməsini, həmçinin innovativ idarəçiliyi təmin edəcəkdir.

Fotolent