“Azərpambıq ASK” MMC yeniyetmə və gənc idmançılara dəstək olub

Azərbaycan Prezidenti İlham Əliyev respublikamızda yeniyetmə və gənclərin bədən tərbiyəsi və sağlamlığına, gələcək nəslin idman sahəsində inkişaf etdirilməsinə ardıcıl olaraq xüsusi diqqət və qayğı göstərir. Bu məsələ həmişə dövlətimizin prioritetlərindən olub.

Bu günlərdə “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin (ASK) törəmə müəssisəsi olan “Azərpambıq ASK” MMC-nin təşəbbüsü və dəstəyi ilə Samux rayonunda yenidən təmir olunub istifadəyə verilən Bəhrə Ağır Atletika klubunun açılışı da buna bariz nümunədir.

"Azərpambıq ASK" MMC-dən AZƏRTAC-a bildirilib ki, Ağır Atletika Klubunun açılışında kənd təsərrüfatı naziri, Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti İnam Kərimov, gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, Samux Rayon İcra Hakimiyyəti başçısı Alı Qocayev, Gənclər və İdman İdarəsinin rəisi Rəşad Qarayev, “Azərpambıq ASK” MMC-nin direktoru Fəxri Mehdiyev, Əməkdar məşqçi, idman ustası Firdovsi Umudov və digər qonaqlar iştirak ediblər. Onlar uşaq, yeniyetmə və gənc idmançıların müxtəlif seksiyalar üzrə iştirakını maraqla izləyib, onları təbrik edib və idman həvəskarlarına müəyyən müvafiq tövsiyələr veriblər.

Ümumi sahəsi 400 kvadratmetr olan klubun 280 kvadratmetrlik hissəsi məşq, trenajor və ağır atletika zallarından ibarətdir. Müasir idman avadanlıqları ilə təmin olunmuş klubun həyətində bir sıra yenidənqurma işləri də aparılıb. Bütün bunlar idmançılarda xoş əhval-ruhiyyə yaratmaqla onları gələcək idman yarışlarına və qələbələrə ruhlandırır.

AZƏRTAC

 

Fotolent

Yeni xəbərlər