Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş şahmat turniri başa çatıb

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin təşkilatçılığı ilə keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş şahmat turniri başa çatıb. Cəmiyyətin mərkəzi aparatı və törəmə müəssisələrin (“Azəralüminium” MMC, “Azərpambıq ASK” MMC, “ASK Security” MMC, “ASK Ayaqqabı Fabriki” MMC) əməkdaşları arasında təşkil olunan yarış yeddi tur üzrə keçirilib Artıq 5 tur üzrə oyunların başa çatdığı turnirin son 2 turu – final mərhələsi “ASK Arena” idman kompleksində təşkil olunub. İştirakçılar 1,2,3 və 4-cü yerlər uğrunda mübarizə aparıb.

Turnir iştirakçıları və tədbirin qonaqlarını salamlayan “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktoru Kamran Nəbizadə bildirib ki, dahi şəxsiyyət Heydər Əliyev ümumxalq sevgisini öz müdrikliyi, gördüyü misilsiz işlər və əvəzsiz xidmətləri ilə qazanmış və fəaliyyət göstərdiyi bütün sahələrdə özünü lider kimi təsdiq etmişdir. Ulu öndərin Azərbaycanın idman siyasətinin həyata keçirilməsi sahəsindəki əvəzsiz xidmətlərindən danışan Cəmiyyətin baş direktoru qeyd edib ki, Heydər Əliyevin rəhbərliyi dövründə müstəqil Azərbaycan həm də bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınmışdır. Korporasiyanın rəhbəri bildirib ki, çağdaş dövrümüzdə Ümummilli Liderimizin layiqli siyasi varisi olan cənab Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi idman və bədən tərbiyəsinin inkişafı sahəsində də kompleks tədbirlərin həyata keçirilməsini daim diqqətdə saxlamış, hər zaman respublikamızın idman imicinin yüksəlməsinə çalışmışdır.

Ulu öndərin əbədi xatirəsinə dərin hörmət və ehtiram əlaməti olaraq təşkil olunan şahmat turnirinin sonunda “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktoru Kamran Nəbizadə qaliblərə sertifikatlar təqdim edib. Baş direktor onları qələbə münasibətilə təbrik edərək, uğurlar diləyib. Sonra Kamran Nəbizadə və 1-ci yerin qalibi arasında yoldaşlıq görüşü keçrilib.

1-ci yerin qalibi “Azərpambıq ASK” MMC-nin əməkdaşı Məhərov Ceyhun, 2-ci yerin qalibi “Azərpambıq ASK” MMC-nin əməkdaşı Novruzov Bəhruz, 3-cü yerin qalibi “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin əməkdaşı Abasov Şıxəli və 4-cü yerin qalibi isə “Azəralüminium” MMC-nin əməkdaşı Zeynalov Arif olub.

Tədbirin sonunda Ümummilli Liderin zəngin həyat və fəaliyyətini əks etdirən film nümayiş olunub, xatirə fotoları çəkilib.

Trend

Fotolent

Yeni xəbərlər