İpəkçilik dövlət dəstəyi sayəsində bərpa olunaraq inkişaf etdirilir

XX əsrin əvvəllərində, xüsusən onun ikinci onilliyində Azərbaycanda ipək sənayesi öz inkişafının yüksək pilləsində idi. Xırda kustar müəssisələr getdikcə aradan çıxmış, iri fabrik tipli müəssisələr bu sənaye sahəsində həlledici rol oynayırdılar.

Azərbaycanda Sovet hakimiyyətinin ilk illərindən başlayaraq, hökumət orqanları ipəkçiliyin inkişaf etdirilməsi üçün mühüm tədbirlər həyata keçirirdilər. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi 14 iyun 1926-cı il tarixində Şəki şəhərində iri ipək əyirici kombinatın tikilməsi barədə 22/12 saylı Qərar qəbul etmişdir. 1927-ci ildə tikinti işlərinə başlanmış və 1931-ci ildə əsas korpus - Baramaaçan istehsalatı istifadəyə verilmişdir.

Vaxtilə bu sahədə 7500 nəfərə yaxın fəhlə və qulluqçu çalışmış və ildə 250 ton xam ipək istehsal olunmuşdur. Azərbaycan Sovetlər birliyində barama istehsalına görə 2-ci (Özbəkistandan sonra), barama və ipəyin keyfiyyətinə görə isə birinci yeri tuturdu.

Azərbaycan baraması və ondan alınan ipək məhsulları beynəlxalq sərgilərdə dəfələrlə nümayiş etdirilərək böyük müvəffəqiyyətlər qazanmış, mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir.

Respublikamızda baramaçılığın və ipəkçiliyin inkişafında əsaslı dönüş keçən əsrin 70-ci illərinin əvvəllərinə təsadüf edir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin səyi və təşəbbüsü nəticəsində qəbul olunmuş "Azərbaycanda ipəkçiliyin inkişafına dair tədbirlər haqqında" 1971-ci il 17 mart tarixli 106 nömrəli Qərar baramaçılığın və ipəkçiliyin inkişafına böyük təkan vermiş, görülən tədbirlər nəticəsində sahənin maddi-texniki bazası, sənaye potensialı genişləndirilmiş, respublikada barama tədarükü 36.1% artmışdır. İstifadəyə yararsız torpaq sahələrində, yol kənarlarında, şəhər və qəsəbələrdə çoxlu sayda tut tingləri əkilib-becərilməklə baramaçılığın yem bazası möhkəmləndirilmişdir. Respublikanın 60 rayonunda baramaçılıq şəbəkəsinin yaradılması nəticəsində 1991-ci ildə yaş barama istehsalı 5.9 min tona çatdırılmışdır.

Lakin respublikamız müstəqillik əldə etdikdən sonra, 90-cı illərin əvvəllərində ölkəmizdə yaranmış iqtisadi böhran və siyasi hərc-mərclik nəticəsində bir çox sahələr kimi, ipəkçilik də qısa bir müddətdə tənəzzülə uğradı. Respublikamızda olan iki damazlıq ipəkçilik stansiyası, 7 barama toxumu zavodu, 30-a yaxın barama qurutmaxanası, 80-ə yaxın barama tədarükü və ilkin emalı məntəqələri, Şəki-İpək şirkəti, Ordubad baramaaçan fabriki öz istehsal fəaliyyətini dayandırmalı oldular, 10 minlərlə insan işsiz qaldı.

Yalnız ümummilli liderimiz Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra ipək sənayesi bərpa olundu. Onun tapşırığı və 11 iyun 734 nömrəli Sərəncamı ilə 2001-ci ildə "Şəki-İpək" ASC-nin (indiki "Azəripək" MMC) istehsal fəaliyyətinin bərpasına köməklik məqsədilə 400 min manat vəsait ayrılaraq müəssisə işə salındı. Lakin xammal çatışmazlığı səbəbindən 2001-2002-ci illərdə cəmi 311 ton yaş barama tədarük olunaraq 22 ton xam ipək istehsal olundu. "Şəki-İpək" ASC-nin rəhbərliyi müəssisənin fəaliyyətinin dayandırılmaması, işsizliyin aradan qaldırılması məqsədilə respublikamızda lazımi miqdarda barama olmadığı üçün 2003-2009-cu illərdə xaricdən 1000 ton quru barama almağa məcbur olmuşdur.

2011-ci ildə xarici ölkələrdə baramanın ixracına qadağa qoyulduğundan Baramaaçan istehsalatı fəaliyyətini tamamilə dayandırmışdır. Toxucu istehsalatı Burucu və Xalça sexləri isə xaricdən alınan ipəklə işləmişlər.

2016-cı ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin I rübün yekunları ilə əlaqədar iclasında möhtərəm Prezident cənab İlham Əliyevin tapşırığına əsasən Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Çin Xalq Respublikası və İran İslam Respublikasından yüksəkkeyfiyyətli tut ipəkqurdu toxumu gətirilmiş və dirildilərək ipəkçiliklə məşğul olan 24 rayonda kümçülərə paylanılmışdır. Qısa müddət ərzində məhv olmaq təhlükəsi qarşısında qalmış ipəkçiliyin inkişafına məhz dövlət başçısının göstərişinə əsasən yenidən təkan verilmiş və respublikamızda 70,7 ton yüksəkkeyfiyyətli yaş barama istehsal edilmişdir. Halbuki 2015-ci ildə respublikamızda cəmi 236 kq yaş barama istehsal olunmuşdu.

Cənab Prezidentin 15.09.2016-cı il tarixli "Azərbaycan Respublikasında İpəkçiliyin inkişafına dair dövlət dəstəyi haqqında" 2337 saylı, 16.11.2016-cı il tarixli "İpəkçiliyin və fındıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 2442 saylı, 02.03.2017-ci il tarixli 2704 saylı, 19.05.2017-ci il tarixli 2893 saylı, Sərəncam və tapşırıqlarına əsasən 2017-ci ildə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Çin Xalq Respublikasından tut ipəkqurdu toxumu gətirilmiş və dirildilərək respublikamızın 30 rayonunda kümçülərə paylanmış, nəticədə 244,4 ton yaş barama istehsal edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2017-ci il tarixli 85 nömrəli Qərarına əsasən barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı ilə məşğul olan müəssisələrinin qəbul etdiyi qarışıq növ yaş baramanın (əyrilən və qarapaçaq barama istisna olmaqla) hər kiloqramına görə dövlət tərəfindən verilən subsidiyanın məbləği 5 (beş) manat müəyyən edilmişdir.

"Azəripək" MMC tərəfindən barama istehsalçılarından qəbul etdiyi qarışıq növ yaş baramanın hər kiloqramına görə 4 (dörd) manat, əyrilən baramaya 0,5 manat, qarapaçaq baramaya isə 0,3 manat vəsait ödənilir. 27.11.2017-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı" qəbul edilmişdir. Dövlət Proqramı baramaçılığa və ipəkçiliyə dövlət dəstəyinin gücləndirilməsinə və bu sahədə problemlərin həllinə yönəlmişdir.

Azərbaycan Respublikası Prezidentinin 06.11.2017-ci il tarixli Fərmanına əsasən "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 04.11.2017-ci il tarixli 1704 nömrəli "ASK" ASC-nin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərmanının II hissəsinə əsasən "Şəki-İpək" ASC-yə məxsus olmuş dövlət əmlakı "ASK" ASC-nin mülkiyyətinə (balansına) verilmişdir. "ASK" ASC-nin balansına verilən sözügedən dövlət əmlakının səmərəli idarə edilməsinin təmin olunması məqsədilə 16.04.2018-ci il tarixində "Azəripək" MMC törəmə müəssisəsi yaradılmışdır.

"Azəripək" MMC respublikamızda ipəkçiliklə məşğul olan yeganə müəssisədir və hazırda 361 nəfər daimi işçi çalışır. Müəssisədə quru baramanın emalı (baramanın açılması və xam ipək istehsalı), ipək sapın burulması, ipək parçanın toxunması, ipək parçaların boyanıb güllənməsi və digər proseslər görülməkdədir. Yaş barama tədarükü ilə əlaqədar cari ildə 4 738 nəfər kümçü ilə müqavilə bağlanılmış və 491 ton yaş barama tədarük olunmuşdur.

"Böyük İpək Yolu"nun Azərbaycandan keçməsinə səbəb olmuş, uzun illər boyu xalqımızın rifahının və şan-şöhrətinin artmasına xidmət etmiş ipəkçilik faydalı məşğuliyyət növü olmaqla yanaşı, həm də qədim tariximizin və mədəni irsimizin daşıyıcılarından biridir. Odur ki, ipəkçiliyin yenidən inkişaf etdirilməsi tariximizin və mədəniyyətimizin qorunub saxlanması, gələcək nəsillərə çatdırılması yolunda mühüm addım kimi qiymətləndirilməlidir.

"Respublika"

Yeni xəbərlər