Beyləqan pambıqçıları bu günədək 2199,3 ton məhsul tədarük ediblər

Beyləqan rayonunda pambıq yığımı kampaniyası davam edir.

Beyləqan Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, 2021-ci ildə 3320 hektarı “Azərpambıq” MMC, 3741,2 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 840 hektarı “P-Agro” MMC ilə müqavilə əsasında, 728,3 hektarı isə innovasiya təsərrüfatında olmaqla, 8629,5 hektar sahədə pambıq becərilib. Pambıq sahələrinə lazımi aqrotexniki qulluq göstərilib, mineral gübrələr verilib, vaxtlı-vaxtında suvarma suyu ilə təmin edilib. Nəticədə tarlalarda bol məhsul yetişib.

Məhsulu itkisiz və tez bir zamanda yığmaq üçün pambığın yarpaqlarının kimyəvi yolla tökdürülməsi (defolyasiya) həyata keçirilib. Artıq sahələrin 759 hektarında birinci üz yığım aparılıb, qəbul məntəqələrinə 2199,3 ton məhsul təhvil verilib.

Qeyd edək ki, 2020-ci ildə Beyləqan rayonunda 8743,7 hektar sahədə pambıq əkilib, 31049,4 ton məhsul istehsal edilib. Orta məhsuldarlıq 35,51 sentner olub.

AZƏRTAC

Yeni xəbərlər