Tərtər pambıqçıları 2021-ci ili də yüksək göstəricilərlə başa vurmağı hədəfləyiblər

Tərtər rayonunda pambıqçılıqla məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri becərmə işlərini uğurla davam etdirirlər. Tərtər pambıqçıları əvvəlki illərdə olduğu kimi, bu ili də yüksək göstəricilərlə başa vurmağı qarşıya məqsəd qoyublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il rayon ərazisində 3440 hektarda çiyid səpini həyata keçirilib. “MKT İstehsalat Kommersiya” MMC və “Azərpambıq” MMC ilə müqavilə bağlayan fermerlər becərmə işlərini davam etdirirlər. Sahələrə göstərilən düzgün aqrotexniki tədbirlərin nəticəsində yaxşı bitiş alınıb. Bu isə 2021-ci təsərrüfat ilində də məhsuldarlığın yüksək olacağından xəbər verir.

“MKT İstehsalat Kommersiya” MMC-nin Tərtər filialının direktoru Feruz Hacıyev bildirib ki, ötən il pambıq yığımı dövründə rayon ərazisi artilleriya atəşinə məruz qalsa da, yüksək məhsuldarlığa nail olunub. Bu il məhsuldarlığın daha da yüksək olacağı gözlənilir: "2020-ci ilin sentyabrın 27-dən başlayaraq rayon ərazisi Ermənistan silahlı birləşmələri tərəfindən atəşə tutuldu. Bu isə strateji məhsulun yığımının həyata keçirilməsini çətinləşdirdi və ləngimələr oldu. Düşmənin artilleriya atəşi nəticəsində təkcə filialın ərazisinə 30-a yaxın mərmi düşmüşdü. Nəticədə mərkəzi anbar, kip anbarı və daxili anbarda yanğın baş vermiş, digər binalara və kənd təsərrüfatı texnikalarına ziyan dəymişdi. Noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş naziri tərəfindən anlaşma bəyanatı imzalandıqdan sonra pambıq yığımına başladıq. Qısa vaxtda yığımı başa çatdıraraq yüksək məhsuldarlığa nail olduq. Tarlalardan 7173,72 ton məhsul tədarük olunub. Bu isə bir hektar üçün orta hesabla 41,44 sentner məhsuldarlıq deməkdir. Hazırda düşmənin atəşi nəticəsində filiala dəyən ziyan aradan qaldırılır. Anbarlarda təmir-bərpa işləri həyata keçirilir".

Feruz Hacıyev pambıq tarlalarında becərmə işlərinin uğurla davam etdirildiyini bildirib: "Bu il 682 nəfər fermerlə 1810 hektar sahədə pambıq becərilməsi üçün müqavilə bağlamışıq. Becərmə işləri bütün aqrotexniki qaydalara əsasən aparılır. Sahələrdə birinci suvarma yekunlaşıb. Bu günədək 946,60 hektarda kalışa, 2860,24 hektarda mənənəyə, 2037,50 hektarda çora, 1250,94 hektarda sovkaya qarşı dərmanlama tədbirləri həyata keçirilib. Sahələrdə dörd dəfə kultivasiya işi aparılıb. Hazırda beşinci kultivasiyaya başlanılıb, bitkilərə kökdənkənar yemləmə gübrələri verilir. Tarlaların vəziyyəti qənaətbəxşdir. Əminəm ki, bu il də yüksək məhsuldarlığa nail olacağıq”.

Bu il "Azərpambıq" MMC-nin pambıq tarlalarında da bol məhsul olacağı gözlənilir. MMC-nin Tərtər Pambıq İstehsalı və Tədarükü Məntəqəsinin direktoru Fəqani Babışov bildirib ki, rayon ərazisində 1630 hektar sahədə pambıq becərilir. "Ötən təsərrüfat ilində pambıq yığımı mövsümü zamanı düşmənin artilleriya atəşi nəticəsində 1 kombayna, 4 traktora, filialın laboratoriyasına, ofis və digər otaqlara ziyan dəydi. Lakin çətinliklə olsa da, məhsulumuzu tarlalardan topladıq. Hər hektardan orta hesabla 35,73 sentner olmaqla, 4287 ton məhsul tədarük etdik. Cari ildə hədəfimiz daha yüksək göstəricilərə nail olmaqdır. Bunun üçün tarlalarda becərmə işlərini vaxtında və keyfiyyətlə həyata keçiririk. İndiyədək 1100 hektarda mənənəyə, 1500 hektarda sovkaya, 900 hektarda tor gənəciyinə, 700 hektarda alaq otlarına qarşı dərmanlama aparmışıq. Sahələr dörd dəfə kultivasiya olunub, birinci suvarma başa çatıb. Hazırda kultivasiya və zərərvericilərə qarşı mübarizə işləri davam etdirilir".

Qazyan kənd sakini Naib Müseyibov rayonun ən nümunəvi fermerlərindəndir. Dövlətimizin pambıqçılığa dəstəyi, eləcə də zəhmətkeşliyi, aqrotexniki qaydalara düzgün əməl edilməsi sayəsində yüksək nəticələrə nail olan pambıqçı deyib: "Ötən il “Azərpambıq” MMC ilə müqavilə əsasında becərdiyim pambıqdan yüksək məhsul əldə etdim. Hər hektardan orta hesabla 44 sentner məhsul götürdün. Builki pambıq əkinim 7 hektardır. Çalışacağam ki, məhsuldarlıqda ötən ilkindən də yüksək göstəriciyə nail olam".

Qeyd edək ki, 2020-ci ildə Tərtər rayonunda 2981 hektar sahədə pambıq becərilib, 11 min 580 ton məhsul istehsal edilib. Hər hektardan məhsuldarlıq 38,84 sentner təşkil edib.

AZƏRTAC

Fotolent

Yeni xəbərlər