“Azərbaycan Sənaye Korporasiyası” ASC ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

“Azərbaycan Sənaye Korporasiyası” ASC ilə Azərbaycan Texniki Universiteti  arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi universitetin rektor əvəzi  Xalıq Yahudov və Korporasiyanın baş direktoru Kamran Nəbizadə imzalayıblar.
Sənəd  gənc, istedadlı kadrların yetişdirilməsi və Korporasiyaya daxil olan müəssisələrdə işlə təmin olunması, tələbələr arasında biznes ideyalarının formalaşdırılması, innovativ təşəbbüslərin reallaşdırılması,  iqtisadiyyatın müxtəlif sahələrində araşdırmaların aparılması, tələbələr arasında könüllülük fəaliyyətinin təşviq edilməsi və müştərək layihələrin icra edilməsi istiqamətində əməkdaşlığa xidmət edir.
Korporasiyanın Baş direktoru Kamran Nəbizadə bildirib ki, Cəmiyyətin qarşısında duran əsas məqsədlərdən biri müəssisələrdə işin düzgün təşkili, rentabelliyi yüksəltmək, istehsalı  genişləndirmək, müəssisələr arasında əməkdaşlığı gücləndirməkdir.  İxtisaslı və peşəkar kadrlar bu məqsədlərin əldə edilməsində böyük rol oynayır. Korporasiyanın Baş direktoru qeyd edib ki, kadr potensialına daha çox alüminium, şüşə istehsalı sahəsində ehtiyac vardır və hazırda bu sahələrin inkişaf proqramı hazırlanır. İnkişaf proqramı yerinə yetirildikdən sonra həmin sahələr üzrə 500-600 nəfər ixtisaslaşmış mütəxəssisə tələbat yaranacaqdır. Kamran Nəbizadə  onu da  vurğulayıb ki, Korporasiyanın yaxın gələcəkdə olan planlarına  gənc nəslin innovativ ideyalarının reallaşdırılması üçün İnnovativ Strartap mərkəzinin yaradılması kimi addımlar da daxildir.
Universitetin rektor əvəzi  Xalıq Yahudov öz növbəsində bildirib ki, tələbələrin praktiki vərdişlərinin yaranmasında memorandumun əhəmiyyəti böyükdür və imzalanan sənəd istehsalatın elmə doğru addım atması baxımından böyük önəm kəsb edir. Xalıq Yahudov qeyd edib ki, hazırda Universitetdə təhsil alan tələbələr nəzəri biliklərdən əlavə həm də təcrübə qazanmaq, aid olduqları sahə üzrə peşəkar, yüksək ixtisaslı kadr kimi yetişməkdə əzmkardrlar  və  Texniki Universitet ilə Korporasiya arasında təməli qoyulan bu əməkdaşlıq, məhz həmin gənclərin gələcək inkişafında vacib mərhələ sayıla bilər. 

Fotolent

Yeni Təcrübə proqramları