Elektron idarəetmə sistemlərinin istifadəsi və biznes proseslərin optimallaşdırılması haqqında onlayn müşavirə

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktoru Kamran Nəbizadənin rəhbərliyi ilə Korporasiyanın vahid elektron idarəetmə sistemlərinin əsas komponenti olan “1C-ERP” sisteminin istifadə vəziyyəti və biznes proseslərin sistem üzərindən optimallaşdırılması istiqamətində törəmə müəssisələrin iştirakı ilə video bağlantı vasitəsilə müşavirə keçirilmişdir.

 Müşavirədə  “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Maliyyə, Strateji İnkişaf və Kommersiya departamentinin, həmçinin törəmə müəssisələr olan “Azərpambıq ASK” MMC,  “Azəripək” MMC,  “ASK Şüşə” MMC, “ASK Ayaqqabı Fabriki”  MMC və  “ASK Şəki Şərab” MMC-nin rəhbər heyəti iştirak edib.

Müşavirəyə video bağlantı vasitəsilə qoşulan törəmə müəssisələrin rəhbər heyyəti biznes proseslərinin “1C-ERP” üzərindən optimallaşdırılması istiqamətində görülən işlər haqqında məruzə ilə çıxış etmişdir. Çıxışçılar törəmə müəssisələrdə əsas biznes proseslərin, o cümlədən maliyyə idarəetməsi, xəzinədarlıq, insan resurslarının idarə edilməsi, satınalma, satış, istehsal və anbar təsərrüfatlarının “1C-ERP” sistemi üzərindən istifadəsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr haqqında açıqlama vermişlər. Həmçinin müəssisələrin mövcud struktur vahidlərinin respublikanın müxtəlif regionlarını əhatə etməsini nəzərə alaraq “1C-ERP” sisteminin tətbiqi məlumat mübadiləsinin sürətlənməsinə və resurslar üzərindən təkmil nəzarətin təmin etməyə, həmçinin xərclərə qənaət etməyə  imkan verməsi xüsusilə vurğulanmışdır.

Müşavirədə “1C-ERP” sistemi ilə yanaşı “1C-Holding” platformasının istifadə vəziyyəti, platformaya inteqrasiya edilmiş biznes proseslərin optimallaşdırılması müzakirə edilmişdir. Müzakirə zamanı platforma üzərindən maliyyə nəzarəti, büdcə proqnozlaşdırılması, mərkəzləşdirilmiş satınalma və satış proseslərinin istifadəsinin  əməliyyat risklərinin azaltmaqla yanaşı, elektron sistem üzərindən sürətli qərarların qəbulunun müəssisələrin fəaliyyətinin səmərəliliyinin artıırlmasına və vaxta qənaətə imkan yaratması qeyd edilmişdir.

Müşavirənin yekununda Baş direktor törəmə müəssisələrə “1C-ERP” sistemi və “1C-Holding” platformasının istifadəsinin genişləndirilməsi yolu ilə xərclərə qənaət imkanlarının yarandığını qeyd etmiş və bütün biznes proseslərin optimallaşdırılmasını, xüsusilə istehsal proseslərinin elektron sistemlərə inteqrasiya edilməsi istiqamətində təklif və tövsiyələrini bildirmiş, podratçı şirkət ilə birgə işlərin sürətləndirilməsi və  “1C-ERP” proqramının tətbiqinə dair bir neçə tapşırıqlar vermişdir. 

Фотолента