Bu il Astarada 2 ton barama tədarük olunacaq

İyunun 10-da Astara rayonunda barama tədarükünə başlanılıb. Kümçülərin yetişdirdikləri barama “Azəripək” MMC-yə təhvil verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il Astara rayonunda kümçülərə 50 qutu (1 kiloqrama yaxın) ipəkqurdu paylanılıb.

Ölkəmizdə kənd təsərrüfatının digər sahələri kimi, baramaçılığın inkişafına da göstərilən dövlət dəstəyi rayonda bu sahənin inkişafına marağı artırıb. Baramaçılığın yem bazasının təmin etmək məqsədilə rayonda 22000 tut tingi əkilib.

Ötən il astaralı kümçülər 1262,6 kiloqram yaşa barama tədarük edərək “Azəripək” MMC-yə təhvil veriblər. Təhvil verilən yaş baramanın hər kiloqramına görə kümçülərin hesabına dövlət tərəfindən 5, “Azəripək” MMC tərəfindən 4 manat olmaqla, 9 manat vəsait ödənilib.

Astara rayonunda baramaçılıq əsasən Kijəbə və Ərçivan qəsəbələrində, Kakalos, Şüvi, Şahağac, Təngərüd, Səncərədi və Suparibağ kəndlərində inkişaf etdirilir. Bu il rayonda 2 ton yaş baramanın tədarükü proqnozlaşdırılıb.

AZƏRTAC