“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətində tütünçülüyün inkişafına həsr olunan tədbir keçirildi

 “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq tütünçülüyün inkişafına dövlət dəstəyinin gücləndirilməsi, bu sahənin potensialından səmərəli istifadə edilməsi, sahibkarların tütün istehsalına marağının artırılması məqsədilə həyata keçirilmiş məqsədyönlü tədbirlər tütünçülüyün  inkişafında da mühüm nəticələrin əldə olunmasına imkan vermişdir.

Bu günlərdə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin nəzdində olan “Azərtütün ASK” MMC-nin təşəbbüsü ilə təşkil olunmuş “Biznes Tərəfdaşlarla Görüş” adlı tədbir  kənd təsərrüfatının bu mühüm sahəsinin inkişafı istiqamətində aparılan işlər, mövcud bazarın vəziyyəti, perspektivlər və planlar, qarşıya çıxan problemlərə həsr edilmişdi.

Tədbirdə “Azərbaycan Sənaye Korporasiyası” ASC,  Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və “Azərtütün ASK” MMC-nin rəsmiləri, habelə tütün istehsalı, emalı və satışı ilə məşğul olan şirkətlərin nümayəndələri, fermerlər, tütünçülük üzrə ekspertlər, həmçinin Yaponiya və Serbiyadan dəvət olunmuş qonaqlar iştirak edirdilər.      

Tədbiri giriş sözü ilə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Aqrar-sənaye sahələri departamentinin direktoru İlham Bayramov açaraq, qeyri-neft sektorunun inkişafı fonunda aqrar sahədə əldə edilmiş nailiyyətlərdən danışdı. “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin rəsmisi kənd təsərrüfatının ənənəvi istiqamətləri üzrə, o cümlədən tütünçülüklə bağlı dövlət proqramında qarşıya qoyulmuş məqsəd və vəzifələrin icrasının təmin edilməsi üçün görüləcək işlərdən, mövcud problemlərdən bəhs etdi.  

  “Azərtütün ASK” MMC-nin çıxış edən nümayəndələri onun yaradılması, fəaliyyəti, görülən işlər, gələcək planlar və perspektivlər haqqında təqdimat xarakterli çıxışlar etdilər.    

 Tədbirdə iştirak edən Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Rəfael Quliyev “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı” üzrə nəzərdə tutulan tədbirlər, tətbiq olunan güzəşt və subsidiyalar, o cümlədən aparılan elmi-tədqiqatlar və toxumçuluğun yaradılması istiqamətində görülən işlərdən danışdı.   

 Tədbirdə çıxış edən iştirakçılar əkin, becərilmə, yığım, daşınma prosesləri, o cümlədən yaş tütünün tədarükü, onun xüsusi avadanlıqlarda qurudulması, sənaye üsulu ilə emalı və istehsal olunan qablaşdırılmış məhsulun satışı haqqında fikir və təkliflərini bildirdilər. Bununla yanaşı fermerlər tütün və tütün məmulatları istehsalında mövcud olan problemlər, onların qarşılaşdıqları çətinliklər barədə də məlumat verdilər. Bu sahədə tələb olunan texnika və texnoloji avadanlıqlar, aqrokimyəvi preparatlara olan tələbat müzakirə edildi, eləcə də tütünçülüyün inkişafına dövlət dəstəyi sayəsində tütün istehsalında məhsuldarlığın artırılması, keyfiyyətin və səmərəliliyin yüksəldilməsi ilə bağlı təkliflər səsləndirildi.

Tədbirdə iştirak edən nümayəndələr tütünçülüyün inkişafına nail olmaq üçün tütün və tütün məmulatlarının istehsalı üzrə dəyər zəncirinin bütün mərhələrində iştirak edən tərəflər arasında qarşılıqlı  əməkdaşlığın vacibliyini vurğuladılar.

Фотолента