“Azərbaycan Respublikasında tütünçülüyün inkişafına
dair 2017–2021-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq tütünçülüyün
inkişafına dövlət dəstəyinin gücləndirilməsi, bu sahənin potensialından
səmərəli istifadə edilməsi, sahibkarların tütün istehsalına marağının
artırılması məqsədilə həyata keçirilmiş məqsədyönlü tədbirlər aqrar sektorun bu
sahəsində də mühüm nəticələrin əldə olunmasına təkan verib.
Tütünçülük sahəsində Şəki-Zaqatala
iqtisadi rayonu xüsusi çəkiyə malikdir. Belə ki, tütün əkilən ərazilərin 92.7%-i bu iqtisadi rayonun payına düşür. 2018-ci ildə
bu iqtisadi rayon üzrə 3000 ha-dan artıq ərazidə tütün əkinləri aparılıb. Şəki-Zaqatala iqtisadi rayonu üzrə tütün
istehsalının həyata keçirildiyi rayonlardan biri də Balakən rayonudur ki, son
illərdə bu rayonda tütünçülüyün dinamik inkişafına nail olunub. 2018-ci ildə
Balakən rayonu üzrə ümumilikdə 535 ha ərazidə “Virciniya” növlü tütün əkilib
ki, bu da rayonda tütün emalı ilə bağlı müvafiq infrastrukturun yaradılmasına
zərurət yaradıb.
Tütünçülük fəaliyyəti ilə məşğul olan fermerlərə
tütün məhsulunun tədarükü və emalı prosseslərinə dəstək göstərilməsi məqsədi ilə
“Azərbaycan Sənaye Korporasiyası” ASC tərəfindən 2018-ci ildə Balakən rayonu ərazisində
qısa müddətdə müasir üslubda Balakən Tütün İstehsalı və
Emalı kompleksi yaradılıb və 15 iyul 2018-ci il tarixindən etibarən
fəaliyyətə başlayıb. Müəssisə 19 nəfər daimi, 87 nəfər mövsümi işçi heyəti ilə
təmin edilib. İki hektar ərazini əhatə edən obyektdə İtaliyanın “GOME” şirkətinin istehsalı olan, müasir
tələblərə cavab verən 60 ədəd tütünqurutma kamerası quraşdırılıb. Odla qurutma
kameralarının ön hissəsində 6 ədəd altıaçıqlar tikilib. Quru tütün və digər
məhsulların saxlanılması üçün nəzərdə tutulmuş anbar binasının uzunluğu 65 metr,
eni 20 metrdir və 250 ton (2000 ədəd tütün kipi yerləşir) tütün saxlama imkanına
malikdir. Anbarın ərazisində uzunluğu 20 metr, eni 10 metr olan tütün çeşidləmə
zolağı mövcuddur. Məntəqə odla qurutma kameralarının vahid idarəetmə sistemi, 24
saat ərizində müşahidəni həyata keçirən və mərkəzləşmiş sistemdən idarə olunan
18 ədəd müşahidə kamerası ilə təhciz olunub.
Bir kamera 7-8 ton yaş tütün emal etmək gücünə
malik olmaqla bir tədarük mövsümündə 12 dövr istifadə edilə bilər və 60 ədəd odla
qurutma kamerasının gündəlik yaş tütünün emal potensialı 48-50 tondur. Beləliklə bir kamerada 168 saat (yeddi gün)
müddətində yaş tütün qurudulur. Məntəqədə bir mövsümdə yaş tütünün emal gücü 5700-6000 tondur.
2018-ci il mövsümü ərzində məntəqədə 2823 ton yaş tütün qəbul edilib və odla qurutma kameralarında emal edilərək 392 ton quru tütün məhsulu əldə olunub.
2019-cu ildə Balakən rayonu üzrə “Azərtütün ASK”
MMC ilə 43 fermer arasında bağlanmış tədarük müqavilələrinə əsasən 319 ha ərazidə
tütün əkini aparılıb ki, həm Balakən rayonunda, həm də zərurət yarandıqda
Zaqatala rayonunun yaxın ərazilərində əldə
edilən yaş tütünün emalı Balakən Tütün İstehsalı və Emalı məntəqsində həyata
keçirilir.