“Azərbaycan Sənayə Korporasiyası” ASC “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı” Dövlət Proqramının icrasının dördüncü ilin yekunları: qarşıda duran vəzifələri

07-02-2018

7 Fevral 2018-ci il tarixində “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı” Dövlət Proqramının icrasının dördüncü ilinin yekunları: qarşıda duran vəzifələr” mövzusunda müşavirəsi keçirilib.

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktoru Kamran Nəbizadə deyib ki, ölkədə iqtisadiyyatın inkişafı sürətləndikcə əhalinin sosial vəziyyəti də öz növbəsində yaxşılaşmaqda davam edir. Mövcud vəziyyətlə bağlı əhalinin mənzilə olan tələbatının qarşılanması və mənzil sahibi olmaq istəyən insanların istəklərinin təmin edilməsi məqsədilə cəmiyyətimiz idarəçiliyində olan Mənzil Tikinti Kooperativlərinin fəaliyyətlərini bərpa edəcək. Bu məqsədlə tikilməkdə olan və tikilməsi nəzərdə tutulan mənzillərə “Daşınmaz əmlak sertifikatları”nın buraxılışının tətbiqi istiqamətində aidiyyəti icra hakimiyyəti orqanları ilə birlikdə işlər görülür.

Müasir texnoloji və ekoloji tələbləri nəzərə almaqla, ilkin alüminium və ya son alüminium məhsullarının istehsal edilməsi məqsədilə "Azəralüminium" ASC-nin Sumqayıt Alüminium Zavodunun yenidən qurulması və işə salınmasının nəzərdə tutulduğunu deyən baş direktor qeyd edib ki, bu, öz növbəsində bu sahənin rəqabət qabiliyyətinin artırılması və ixrac imkanlarının genişləndirilməsinə böyük yardım göstərəcək.

K.Nəbizadə deyib ki, ölkə iqtisadiyyatında mühüm yer tutan sahələrdən biri pambıqçılığın inkişafıdır ki, bununla bağlı "CTS-AGRO" Məhdud Məsuliyyətli Cəmiyyətinin inkişafını təmin etməklə, müasir texnologiyaların tətbiqi ilə yerli və xarici bazarlarda təchizatçı və istehlakçıların tələbatına cavab verən rəqabətədavamlı istehsal imkanları yaradılır. Bu da pambığa olan tələbatın daxili ehtiyatlar hesabına qarşılanmasına və idxaldan asılılığının aradan qaldırılmasına xidmət edəcək.

Azərbaycanda ipəkçiliyin inkişafının vacib olduğunu deyən baş direktor diqqətə çatdırıb ki, Şəki rayonunda yerləşən "Şəki İpək" ASC-nin inkişafı və yenidən qurulması istiqamətində layihə üzərində iş aparılır və yaxın gələcəkdə həyata keçiriləcək. Eyni zamanda, "Azər Şüşə" MMC-nin balansında olan şüşə zavodunun istehsalına sərf olunan vaxtın və xərclərin azaldılması məqsədilə istehsalatda qabaqcıl texnologiyaların tətbiqi ilə bağlı tədbirlər görülüb, zavodun istehsal gücünün artırılması, lazım olan xammalın idxaldan asılılığının aradan qaldırılması məqsədilə Bakıda və bölgələrdə şüşə qəbulu məntəqələrinin yaradılması istiqamətində işlər görülməkdədir. Bununla yanaşı, "Inter Tobacco" MMC-nin mövcud potensialı təhlil edilib və müəssisənin istehsal imkanlarının artırılması istiqamətində işlər görülür. Şəki-Zaqatala iqtisadi zonasında yetişdirilən amerikan tipli "Virciniya" tütününün odla qurudulmasına olan tələbatın tam qarşılanmasını təmin edilməsi üçün qurutma kameralarının alınması istiqamətində işlər davam etdirilir.

Kamran Nəbizadə vurğulayıb ki, "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin nizamnamə vəzifələrindən biri də yeni sənaye sahələrinin, o cümlədən enerjidən səmərəli istifadə edən, ekoloji cəhətdən əlverişli və yüksək əlavə dəyər yaradan istehsal sahələrinin yaradılması ilə bağlı tədbirlərin görülməsidir. Sadalanan tədbirlər öz növbəsində nəzərdə tutulan islahatları əhatə edən müəssisələrdə işçi qüvvələrinə də ehtiyac yaradacaq ki, bu da ölkə başçısının işsizliyin qarşısının alınması ilə bağlı tapşırığının icrasına xidmət edəcək.

"Det-Al alüminium" MMC-nin baş direktoru Sərxan Babayev, "GTS-Aqro" MMC-nin baş direktor əvəzi Zakir Əzimov, "Şəki-İpək" ASC-nin idarə heyətinin sədri Nizami Qəribov, "Inter Tobacco" MMC-nin direktoru Fazil Rüstəmov, "Inter Textile" ASC-nin idarə heyətinin sədri Şakir Musayev və "Inter Glass" ASC-nin idarə heyətinin sədri İlal Əhmədov çıxış edərək ötən dövr ərzində üzləşdikləri problemlər, onların həlli yolları və qarşıda duran vəzifələrin icrası ilə bağlı müzakirələr aparıblar.