Ağcabədidə çiyid səpini davam edir - bu günədək 10 min hektardan çox sahədə səpin aparılıb

Respublikamızın ən iri pambıqçılıq rayonlarından olan Ağcabədidə çiyid səpini davam edir. Ağcabədili pambıqçılar bu günədək 10 min 15,48 hektarda səpin həyata keçiriblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il rayonda 1754 istehsalçı ilə 4761,93 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 4157,63 hektarı “Azərpambıq” MMC və 1420 hektarı “P-Aqro” MMC ilə olmaqla, 10 min 339,56 hektarda pambıq əkini üçün müqavilə bağlanılıb. Bağlanan müqavilələrə əsasən, pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin edilirlər. Rayonda səpinə kifayət qədər səpin aqreqatı cəlb olunub və səpin işlərinin qısa müddətinə başa çatdırılacağı planlaşdırılır. Artıq sahələrin 4788 hektarında bitiş alınıb və becərmə işlərinə başlanılıb.

Qeyd edək ki, 2019-cu ildə Ağcabədi rayonunda 10 min 452,25 hektar sahədə pambıq becərilib, 32 min 99 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 30,7 sentner olub.

AZƏRTAC

Fotolent