7 Fevral 2018-ci il
tarixində “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin “Regionların
2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı” Dövlət Proqramının icrasının
dördüncü ilinin yekunları: qarşıda duran vəzifələr” mövzusunda müşavirəsi
keçirilib.
“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Baş direktoru Kamran Nəbizadə deyib ki, ölkədə
iqtisadiyyatın inkişafı sürətləndikcə əhalinin sosial vəziyyəti də öz
növbəsində yaxşılaşmaqda davam edir. Mövcud vəziyyətlə bağlı əhalinin mənzilə
olan tələbatının qarşılanması və mənzil sahibi olmaq istəyən insanların
istəklərinin təmin edilməsi məqsədilə cəmiyyətimiz idarəçiliyində olan Mənzil
Tikinti Kooperativlərinin fəaliyyətlərini bərpa edəcək. Bu məqsədlə tikilməkdə
olan və tikilməsi nəzərdə tutulan mənzillərə “Daşınmaz əmlak sertifikatları”nın
buraxılışının tətbiqi istiqamətində aidiyyəti icra hakimiyyəti orqanları ilə
birlikdə işlər görülür.
Müasir texnoloji və ekoloji tələbləri nəzərə
almaqla, ilkin alüminium və ya son alüminium məhsullarının istehsal edilməsi
məqsədilə "Azəralüminium" ASC-nin Sumqayıt Alüminium Zavodunun
yenidən qurulması və işə salınmasının nəzərdə tutulduğunu deyən Baş direktor qeyd edib ki, bu, öz növbəsində
bu sahənin rəqabət qabiliyyətinin artırılması və ixrac imkanlarının
genişləndirilməsinə böyük yardım göstərəcək.
K.Nəbizadə deyib ki, ölkə iqtisadiyyatında
mühüm yer tutan sahələrdən biri pambıqçılığın inkişafıdır ki, bununla bağlı
"CTS-AGRO" Məhdud Məsuliyyətli Cəmiyyətinin inkişafını təmin etməklə,
müasir texnologiyaların tətbiqi ilə yerli və xarici bazarlarda təchizatçı və
istehlakçıların tələbatına cavab verən rəqabətədavamlı istehsal imkanları
yaradılır. Bu da pambığa olan tələbatın daxili ehtiyatlar hesabına
qarşılanmasına və idxaldan asılılığının aradan qaldırılmasına xidmət edəcək.
Azərbaycanda ipəkçiliyin inkişafının vacib
olduğunu deyən Baş direktor diqqətə
çatdırıb ki, Şəki rayonunda yerləşən "Şəki İpək" ASC-nin inkişafı və
yenidən qurulması istiqamətində layihə üzərində iş aparılır və yaxın gələcəkdə
həyata keçiriləcək. Eyni zamanda, "Azər Şüşə" MMC-nin balansında olan
şüşə zavodunun istehsalına sərf olunan vaxtın və xərclərin azaldılması
məqsədilə istehsalatda qabaqcıl texnologiyaların tətbiqi ilə bağlı tədbirlər
görülüb, zavodun istehsal gücünün artırılması, lazım olan xammalın idxaldan
asılılığının aradan qaldırılması məqsədilə Bakıda və bölgələrdə şüşə qəbulu
məntəqələrinin yaradılması istiqamətində işlər görülməkdədir. Bununla yanaşı,
"Inter Tobacco" MMC-nin mövcud potensialı təhlil edilib və
müəssisənin istehsal imkanlarının artırılması istiqamətində işlər görülür.
Şəki-Zaqatala iqtisadi zonasında yetişdirilən amerikan tipli
"Virciniya" tütününün odla qurudulmasına olan tələbatın tam
qarşılanmasını təmin edilməsi üçün qurutma kameralarının alınması istiqamətində
işlər davam etdirilir.
Kamran Nəbizadə vurğulayıb ki,
"Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin nizamnamə
vəzifələrindən biri də yeni sənaye sahələrinin, o cümlədən enerjidən səmərəli
istifadə edən, ekoloji cəhətdən əlverişli və yüksək əlavə dəyər yaradan
istehsal sahələrinin yaradılması ilə bağlı tədbirlərin görülməsidir. Sadalanan
tədbirlər öz növbəsində nəzərdə tutulan islahatları əhatə edən müəssisələrdə
işçi qüvvələrinə də ehtiyac yaradacaq ki, bu da ölkə başçısının işsizliyin
qarşısının alınması ilə bağlı tapşırığının icrasına xidmət edəcək.
"Det-Al alüminium" MMC-nin Baş direktoru Sərxan Babayev,
"GTS-Aqro" MMC-nin baş direktor əvəzi Zakir Əzimov,
"Şəki-İpək" ASC-nin idarə heyətinin sədri Nizami Qəribov, "Inter
Tobacco" MMC-nin direktoru Fazil Rüstəmov, "Inter Textile"
ASC-nin idarə heyətinin sədri Şakir Musayev və "Inter Glass" ASC-nin
idarə heyətinin sədri İlal Əhmədov çıxış edərək ötən dövr ərzində üzləşdikləri
problemlər, onların həlli yolları və qarşıda duran vəzifələrin icrası ilə bağlı
müzakirələr aparıblar.