Şəkidə quru tütün istehsalının 3 min tondan çox olacağı gözlənilir

Bu il Şəki rayonunun təsərrüfatlarında 1061 hektar sahədə tütün əkilib. Şəkili fermerlər cari mövsümdə 721 hektar sahədə “Virciniya” və 19 hektarda “Berley” növlü, 321 hektar sahədə isə yerli tütün sortları yetişdiriblər. Hazırda təsərrüfatlarda tütün yığımı davam edir. Şəkili fermerlər mövsümün əvvəlindən indiyədək 2 min 932 ton quru tütün istehsal ediblər. Bu il Şəkidə quru tütün istehsalının 3 min tondan çox olacağı gözlənilir.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.

Plantasiyalardan yığılan “Virciniya” və “Berley” növlü tütün qurudulmaq üçün “Azərtütün ASK” MMC-nin rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinə təhvil verilir. Yerli tütün sortları isə fermerlərin özləri tərəfindən ipə düzülərək qurudulur.

Xatırladaq ki, 2018-ci ildə şəkili fermerlər 2 min 976 ton quru tütün istehsal ediblər. Tütün istehsalı əvvəlki illə müqayisədə 346 ton artıb.

AZƏRTAC