"Azərbaycan Sənaye Korporasiyası”ASC-də törəmə müəssisələrdə istehsalat prosesinin vəziyyətinə dair müşavirə keçirilib

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktoru Kamran Nəbizadənin sədrliyi ilə törəmə müəssisələrdə istehsalat prosesinin vəziyyətinə həsr olunan videokonfrans şəklində müşavirə keçirilib.

Korporasiyanın rəhbər heyəti və müvafiq törəmə müəssisələrin rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə müəssisələrdə istehsalat prosesinin vəziyyəti, müəssisələrin iqtisadi göstəriciləri, aqrar sahədə müvafiq Dövlət Proqramlarının icrasından irəli gələn vəzifələr, cari il üçün təsdiq edilmiş fəaliyyət planına əsasən işlərin icra vəziyyəti, karantin dövründə yaranmış problemlər, karantin rejiminə əməl olunması məsələləri, qarşıda duran tədbirlər və digər məsələlər müzakirə olunub.

““Azərtütün ASK” MMC, “ASK İzolit” MMC, "Azəripək” MMC və  “ASK Şəki Şərab” MMC-nin rəhbərləri tərəfindən qurumların istehsalat prosesinin cari vəziyyəti, “COVİD- 19” pandemiyası ilə əlaqədar istehsal prosesi və hazır məhsulun satışına dair mövcud durum, karantin şəraitində işə davamiyyətin vəziyyəti və cari işlər barədə məlumat verilib.

Müşavirədə  qarşıda duran vəzifələrin icrası, 1C proqram təminatı platforması üzərində uçot və idarəetmə sisteminin  tətbiq olunmasının qısa zaman ərzində başa çatdırılması, kadr potensialının optimallaşdırılmasına dair məsələlər də müzakirə olunub. Eyni zamanda tütün məmulatları istehsal edən müəssisələrlə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, fermerlər üçün təşkil edilən maarifləndirmə və məsləhət xidmətinin artırılması, tütün məmulatları istehsal edən müəssisələrin xammala olan tələbatlarının minimum 10 % həddində hissəsinin yerli xammal hesabına təmin edilməsi barədə müvafiq dövlət orqanlarına müraciət olunması, xarici investorlarla aparılan danışıqların davam etdirilməsi, kompozit armatur məhsulunun dövlət reyestrinə daxil edilməsi üçün təxirəsalınmaz tədbirlərin görülməsi ilə bağlı müzakirələr aparılıb, sadalanan məsələlərin icrasına dair Korporasiyanın rəhbərliyi tərəfindən müvafiq göstərişlər verilib.

Müşavirənin sonunda Korporasiyanın baş direktoru  Kamran Nəbizadə müəssisə rəhbərlərinə istehsal olunan məhsulların satışının təşkili, istehsalat prosesinin optimillaşdırılması, uçot sisteminin təkmilləşdirilməsi və digər cari məsələlər barədə fikir və tövsiyələrini bildirib.  Baş direktor bu müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsinə ehtiyac olduğunu qeyd edərək, müvafiq inkişaf planları, xüsusi ilə də istehsalat, təşkilati və struktur məsələləri ilə bağlı kompleks təkliflərin hazırlanması barədə tapşırıqlar verib.