Kamran Nəbizadə: Azərbaycan yaxın zamanlarda bir çox məhsullara tələbatını daxili istehsal hesabına ödəyə biləcək

Azərbaycan yaxın zamanlarda bir çox məhsullara tələbatını mühüm dərəcədə daxili istehsal hesabına ödəməklə yanaşı, qeyri-neft sektorunda buraxılan məhsulların, o cümlədən alüminium, ipək, pambıq lifi, şərabçılıq məhsullarının ixrac potensialını da xeyli artıracaq.

Bunu "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Kamran Nəbizadə Cəmiyyətin 2018-ci ildə fəaliyyətinin nəticələrinə həsr olunmuş hesabat iclasında deyib.

K.Nəbizadə bildirib ki, müstəqilliyimizin ilk illərində istehsal sahələri, iqtisadi və sosial infrastrukturu demək olar ki, tamamilə dağılmış Azərbaycan, tarixi baxımdan qısa zaman ərzində sağlam bazar münasibətlərini qura bilib və indi Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilib:

"Neft hasilatından əldə edilən maliyyə resurslarının qeyri-neft sektoruna, mühüm sosial layihələrin reallaşdırılmasına yönəldilməsi sayəsində son illərdə qeyri-neft sektorunun artım templəri neft sektorunun artım templərini üstələməyə başlamışdır. Dünyada böhran xarakterli proseslərin davam etdirilməsi fonunda, Azərbaycan iqtisadiyyatı artır, bunu beynəlxalq müşahidəçilər də müşahidə edir. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətinə görə 34-cü, infrastrukturun inkişafı üzrə 30-cu yerdədir. Bu o deməkdir ki, Ulu öndərimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş və bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında reallaşdırılan iqtisadi inkişaf siyasəti və strategiyası öz bəhrəsini verməkdədir".

ASC rəhbərinin sözlərinə görə, əvvəllki illər xarici investisiyalara ehtiyacı olan Azərbaycan indi özü bir çox iri infrastruktur layihələrinin təkanverici qüvvəsinə, investoruna çevrilmişdir. Azərbaycanın “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi”ndə nəzərdə tutulan gələcək sosial-iqtisadi inkişafı da, məhz qeyri-neft sektorunun inkişafından, onun şaxələnməsi səviyyəsindən asılıdır:

"Bu gün biz ölkədə həyata keçirilən iqtisadi islahatların nəticəsi olaraq 1 il öncə yaradılmış “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin 2018-ci ildəki fəaliyyəti haqqında hesabat veririk və elə bilirəm ki, toplantımızda biz ötən il əldə etdiyimiz müvəffəqiyyətlərlə yanaşı, qarşıya çıxan çətinliklər və onların aradan qaldırılması yolları, inkişafımızın perspektivləri barədə müzakirə aparacağıq.

Ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar çərçivəsində yaradılan “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin qarşısında qoyulan əsas vəzifə müasir idarəçilik mexanizminin, yeni texnologiyaların tətbiqi, istehlakçıların tələbatlarını daha dolğun ödəyən məhsulların buraxılması sayəsində qeyri-neft sektorunda inkişafı təmin etmək, müəssisələr arasında kooperasiya əlaqələrini möhkəmlətmək, yeni iş yerləri yaratmaqla, əhalinin sosial rifahının yüksəlməsinə öz töhfəsini verməkdir".

Baş direktor vurğulayıb ki, qeyri-neft sektorunun, inkişaf etdirilməsi sahəsində “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti qarşısında ölkə rəhbərliyi tərəfindən mühüm vəzifələr qoyulmuşdur:

"Hazırda, “ASK” ASC-nin nəzdində qeyri-neft sektorunun müxtəlif sahələrini əhatə edən 17 törəmə müəssisə fəaliyyət göstərir. Bunlardan ən irilərinə nümunə kimi, “Azərpambıq ASK” MMC-ni, “Azəripək” MMC-ni, “Azəralüminium” MMC-ni, “ASK Şüşə” MMC-ni, “Azərtütün ASK” MMC-ni və digərlərini göstərmək olar. Bu günə törəmə müəssisələrimizin aktivlərinin ümumi bazar dəyəri 673 milyon manat təşkil edir. Balansımıza verilən mülkiyyətin qiymətləndirilmə prosesinin obyektivliyini təmin etmək üçün bu sahədə dünyanın “Böyük dördlüyü”nə aid daxil olan “Ernst & Young Holdings” və “KPMG Azerbaijan Limited” şirkətləri cəlb olunmuşdur. Qiymətləndirmə prosesində tanınmış yerli mütəxəsisslər də iştirak etmişdilər.

Sərəncamımıza verilən bu əmlak, fəaliyyətimizin uğurlu startını təmin etmək üçün kifayət qədər maddi baza yaradır. İndi bizim əsas vəzifəmiz bu aktivlərdən səmərəli surətdə istifadə etməklə, onu daha da artırmaq, ölkəmizin iqtisadi inkişafına öz töhfəmizi verməkdir.

Müasir menecmentin əsas tələblərindən biri maliyyə axınları üzərində nəzarəti təmin etmək, proqnozların dəqiqliyini və investisiyaların səmərəliliyini artırmaqdır. Bu məqsədlə müəssisələrdə dövrümüzün tələblərinə cavab verən korporativ idarəetmə və onun tərkib hissəsi olan hesabatlılıq sistemi qurulmuşdur. Korporasiyanın nəzdində olan bir çox müəssisələrdə “1C3 Korporasiya” proqramının tətbiq olunması bu yöndə atılan mühüm addımlardan sayıla bilər. Bu proqramın tətbiqi biznes proseslərinin düzgün təsvirinə, təhlilinə, təkmilləşdirilməsinə və son nəticədə sənəd dövriyyəsində şəffaflığa nail olmaq imkanı yaradır. Biznes proseslərinin səmərəli təşkili təchizatdan başlayaraq, satışa kimi yaxşılaşmaya doğru gedir və məsrəflərin azalması, daha səmərəli idarəetmə üsullarının tətbiqi ilə nəticələnəcəkdir.

Müasir texnologiyaların tətbiqinə əsaslanan layihələrin həyata keçirilməsi nəticəsində istehsal olunan məhsulların keyfiyyətinin beynəlxalq standartlar səviyyəsinə çatdırılması həmin müəssisələr tərəfindən istehsal edilən məhsulların dünya bazarlarına çıxarılmasına, Azərbaycan məhsullarına tələbatın artmasına, bu isə öz növbəsində ölkə büdcəsinə daxil olan valyuta ehtiyatlarının çoxalmasına xidmət edəcəkdir. Elə düşünürəm ki, ölkəmiz nəticə etibarilə yaxın zamanlarda bir çox məhsullara tələbatını mühüm dərəcədə daxili istehsal hesabına ödəməklə yanaşı, qeyri-neft sektorunda buraxılan məhsulların, o cümlədən alüminium, ipək, pambıq lifi, şərabçılıq məhsullarının ixrac potensialını da xeyli artıracaqdır.

Fəaliyyətimizin nəticələri həyata keçirdiyimiz investisiya siyasətindən əhəmiyyətli dərəcədə asılıdır. Bu məqsədlə sosial-iqtisadi əhəmiyyət kəsb edən bir sıra müəssisələrin, “Azərpambıq” Aqrar Sənaye Kompleksinin, “Azəripək” MMC-nin, “Azəraliminium” MMC-nin, “ASK Şüşə” MMC-nin, “Azərtütün” MMC-nin və bir sıra başqa müəssisələrin yenidən qurulması üçün dövlət tərəfindən vəsait ayrılmışdır. Kənd təsərrüfatı üçün 9 milyon manatlıq yeni texnika, o cümlədən pambıqyığan kombaynlar, tütünün ilkin emalı üçün 60 qurutma kamerası, ipək istehsalı üçün baramaboğan avadanlıq alınmışdır. Pambıqçılıq sahəsində idarəetmə strukturu dəyişilib, maddi-texniki baza yenilənib, yeni pambıqyığan kombaynlar alınıb. Bundan əlavə “Azərpambıq ASK” MMC üzrə 2018-ci il mövsümündə respublikanın 14 rayonunda 29,0 min hektarda pambıq əkini aparılmış və bu günə qədər 56 min ton xam pambıq tədarük edilmişdir. Pambıqçılıq sahəsində Türkiyə, Yunanıstan, Çin, Avstraliya kimi ölkələrlə əməkdaşlıq edirik. Növbəti illərdə digər ölkələrin də təcrübəsindən istifadə etməyi planlaşdırırıq.

Qeyd edim ki, hal-hazırda “Azərtütün ASK” MMC, “Azərpambıq ASK” MMC və “Azəripək” MMC müəssisələri üzrə beşillik biznes planı hazırlanır və onun çərçivəsində investisiya planı xüsusi diqqət mərkəzindədir. İnvestisiya planına istehsal müəssisələrinin yenidən qurulması və texnoloji avadanlıqların yenilənməsi yolu ilə istehsal həcminin artırılması, keyfiyyətin yüksəldilməsi kimi tədbirlər daxildir".

K.Nəbizadə deyib ki, bir il ərzində tütünçülük sahəsində də mühüm addımlar atılıb:

"Belə ki, ölkədə tütün sahələrinin təqribən 69 faizində tütün əkilməsi, fermerlərdən tədarük olunan yaş tütünün 55 faizi “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin payına düşür. 226 fermerə 4,3 milyon manat vəsait ödənilməsi də xüsusi qeyd olunmalıdır. Balakən rayonunda fermerlərin ehtiyaclarını təmin etmək üçün 2018-ci ildə müasir tələblərə və standartlara cavab verən 60 kameradan ibarət tütünqurutma məntəqəsi qısa müddət ərzində tikilərək, tam istifadəyə verilmişdir. Hazırda “Azərtütün ASK” MMC-nin Balakən, Zaqatala, Qax və Şəki rayonlarında 236 ədəd odla qurutma kamerası, anbar və ofis binaları, habelə zəruri infrastruktura malik dörd quru tütün istehsalı məntəqəsi, Zaqatala rayonunda isə bir tütün emalı zavodu fəaliyyət göstərir. Növbəti ildə tütünün qurudulması və emalı ilə bağlı texnologiyaların tətbiqi üçün dünyanın qabaqcıl şirkətlərinin iştirak edəcəyi beynəlxalq tenderlər elan etmək niyyətindəyik.

Korporasiyanın nəzdində olan “Azəripək” MMC-də 2018-ci ildə 513 ton yaş barama tədarük edilmişdir və növbəti ildə bu həcmin ən azı 800 tona çatdırılması gözlənilir. Bu məqsədlə Çindən 2 ədəd barama boğan avadanlığı satın alınmışdır. Bundan əlavə, “Azəripək” MMC-də 400 ton gücündə barama tədarük məntəqəsinin yenidən qurulması, habelə 5 tonluq buxar qazanının inşası, buxar xətlərinin çəkilməsi də nəzərdə tutulur.

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin nəzdində olan müəssisələrin modernləşdirilməsindən danışarkən, “ASK Şüşə” MMC-də aparılan işlər haqqında da məlumat vermək istərdim. Hazırda müəssisə istehsal gücünün 40 %-i ilə işləyir və 1-ci istehsalat sexinin 2-ci istehsal xəttinin işə salınması üzrə işlər aparılır. Bundan sonra zavodun istehsal gücünün ildə 95-100 milyon şüşə taraya çatdırılması gözlənilir.

Korporasiyanın alüminium istehsalı sahələrinin moderinizasiya işləri davam edir və onun ixrac potensialının gücləndirilməsi üçün strateji inkişaf planı hazırlanır.

Həyata keçirdiyimiz investisiya layihələrinin iqtisadi əhəmiyyəti ilə yanaşı, mühüm sosial önəmi də var. Onlar, yeni daimi iş yerlərinin yaradılması sayəsində dünyanın bir çox ölkələrinin sosial bəlasına çevrilmiş işsizliyi xeyli azaltmalıdır. Məsələn, “Azərtütün ASK” MMC və onun strukturuna daxil olan müəssisə və obyektlərdə 153 daimi iş yeri vardır, mövsümdə isə 550-600 nəfər müvəqqəti işə cəlb edilir. “ASK Şüşə” MMC-də ikinci sobanın və 2-ci istehsalat xəttinin işə düşməsindən sonra 200-210 yeni iş yerinin açılması gözlənilir. Bununla yanaşı, yüksək texnologiyalara əsaslanan yeni istehsalların yaradılması regionlarda müasir peşələrin mənimsənilməsinə, ixtisas səviyyəsinin artırılmasına imkan verəcəkdir.

Ötən il ərzində sənaye məhsulları istehsalının həcminin artırılmasına və keyfiyyətinin yüksəldilməsinə, ölkədə, əsasən də regionlarda yeni iş yerlərinin yaradılması yolu ilə əhalinin maddi rifahının yüksəldilməsinə yönəlmiş mühüm silsilə tədbirlər həyata keçirmişdir".

K.Nəbizadə bildirib ki,müasir texnologiyaların tətbiqinə əsaslanan layihələrin həyata keçirilməsi nəticəsində istehsal olunan məhsulların keyfiyyətinin beynəlxalq standartlar səviyyəsinə çatdırılması, ölkəmizin dünya bazarlarına nüfuz etməsinə, Azərbaycan məhsullarına tələbatın artmasına, bu isə öz növbəsində valyuta ehtiyatlarının çoxalmasına xidmət edəcəkdir:

"Hörmətli həmkarlar, Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında dövlət idarəçiliyinin təkmilləşdirilməsinə yönəlmiş struktur islahatları getdikcə vüsət alır və yaxın vaxtlarda biz bunun təzahürünü dövlət qurumlarının işinin səmərəliliyinin yüksəlməsində, vətəndaş məmnunluğunun artmasında müşahidə edəcəyik. Kollektivimizin özəyini əsasən, yüksək ixtisaslı cavan kadrlar təşkil edir. Yaxın zamanda inzibati binamız da təhvil veriləcək və işimizi müasir dövrün tələblərinə cavab verən, informasiya texnologiyaları avadanlığı ilə təchiz olunmuş şəraitdə davam etdirəcəyik. Əminəm ki, kollektivimiz cənab Prezident İlham Əliyevin etimad göstərərək qarşımızda qoyduğu vəzifələrin öhdəsindən gələcək, biliklərimizi zənginləşdirəcək, ixtisas səviyyəmizi daim yüksəldəcək, Vətənimizin, xalqımızın gələcəyi naminə var qüvvəmizlə çalışacağıq.

Əlbəttə, iş görülən yerdə nailiyyət əldə etməklə yanaşı, problemlərlə də üzləşəcəyik və bizim gələcək inkişafımız onları nə dərəcədə düzgün həll etməyimizdən asılıdır. Buna görə də, kadr potensialının gücləndirilməsi, peşəkarlığın artırılması bizim üçün daim diqqət mərkəzində olmalıdır.

Elə bilirəm ki, burada çıxış edəcək məruzəçilər əldə etdikləri uğurlarla yanaşı, qarşılaşdıqları problemləri də şərh edəcək və onların həlli yolları barədə fikirlərini bildirəcəklər".

TREND


Fotolent