Tütünün tezyetişən bəzi sortları üzrə yığım prosesinə başlanılıb

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarında tütün sahələrinə baxış keçiriblər.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, Kənd Təsərrüfatı nazirinin müşaviri Şöhrət Vəkilov, qurumun Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rafail Quliyev, Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov yerli mütəxəssislərlə birgə sahələrdə aparılan becərmə işlərinin gedişatı ilə tanış olub, mövsümi aqrotexniki qulluq işlərinin düzgün təşkili ilə bağlı fermerlərə lazımi tövsiyələr verib və məhsul yığımına hazırlıq işlərinin təşkili səviyyəsini qiymətləndiriblər.

Nümayəndələr Balakən rayonunda yerləşən “Azərtütün ASK” MMC-yə məxsus sahədə becərilən yerli və xaricdən gətirilmiş 16 tütün sort nümunəsinin sınaq əkinlərinə də baxış keçiriblər. Ümumi qiymətləndirmə aparılaraq gələcəkdə ən yaxşı sort, hibrid və nümunələrin ölkəmizdə əkilməsi, təsərrüfatlarda yayılması istiqamətində müvafiq tədbirlər müəyyənləşdirilib.

Müəssisədən bildirilib ki, artıq tezyetişən bəzi sortlar üzrə yığım prosesinə başlanıb. Bu günə qədər ilkin olaraq 350 tona yaxın yaş tütün yarpağı tədarük edilib. Sahələrin ilkin monitorinqini aparan nazirlik nümayəndələri cari təsərrüfat ilində ötən illə müqayisədə daha yüksək məhsuldarlıq əldə olunacağını bildiriblər.

AZƏRTAC