Şəkidə quru tütün istehsalı 154 ton artıb

Bu il Şəki rayonunun təsərrüfatlarında 1061 hektar sahədə tütün əkilib. Şəkili fermerlər cari mövsümdə 721 hektar sahədə “Virciniya” və 19 hektarda “Berley” növlü, 321 hektar sahədə isə yerli tütün sortları yetişdiriblər. Hazırda təsərrüfatlarda tütün yığımı əsasən başa çatıb. Şəkili fermerlər builki mövsümdə 3 min 130 ton quru tütün istehsal ediblər. Tütün istehsalı əvvəlki illə müqayisədə 154 ton artıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidov məlumat verib.

Plantasiyalardan yığılan “Virciniya” və “Berley” növlü tütün “Azərtütün ASK” MMC-nin rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsində xüsusi kameralarda qurudulub. Yerli tütün sortlarını isə fermerlər özləri ipə düzərək qurudublar.

Xatırladaq ki, 2018-ci ildə şəkili fermerlər 2 min 976 ton quru tütün istehsal ediblər. Tütün istehsalı əvvəlki illə müqayisədə 346 ton artıb.

AZƏRTAC