Zaqatala tütün istehsalı və emalı məntəqəsi fermerlərdən 97 ton yaşıl tütün qəbul edib

Cari mövsümdə Zaqatala rayonunun təsərrüfatlarında 410,2 hektar sahədə “Virciniya” növlü ətirli tütün yetişdirilib. “Azərtütün” MMC-nin rayonun Aşağı Tala kəndi ərazisində fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsi hazırda fermerlərdən yaşıl tütün yarpağının qəbulunu davam etdirir. Bu günədək məntəqəyə istehsalçılardan 97 ton yaşıl tütün kütləsi daxil olub. Eyni zamanda, mövsümün əvvəlindən indiyədək bu emal məntəqəsində 5,3 ton quru tütün istehsal olunub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə emal məntəqəsinin müdiri Mohuma Hüşənov məlumat verib.

Onun sözlərinə görə, mövsümün əvvəli olduğu üçün hələlik məntəqəyə gün ərzində 7-8 ton yaşıl tütün kütləsi daxil olur. Tezliklə tütün tədarükünün bir neçə dəfə artacağı gözlənilir. Hazırda məntəqədə olan 56 ədəd tütünqurutma kamerasından 9-u işlək vəziyyətdədir.

Fermerlərlə söhbət zamanı onlar məntəqədə yaradılan şəraitdən razı qaldıqlarını vurğulayıblar.

Qandax kəndindən olan fermer Məsud Guliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, dörd ildir tütün əkir. Builki mövsümdə 8 hektarda “Virciniya” növlü tütün yetişdirib. İndiyədək məntəqəyə 2,3 ton yaşıl tütün təhvil verib. Fermer bu il sahələrdən 25-30 ton yaşıl tütün kütləsi əldə etməyi qarşıya məqsəd qoyub.

Rayonda tütün yığımı davam edir

AZƏRTAC