“Azərbaycan Sənaye Korporasiyası” ASC-də peşəkar kadrların işə cəlb olunması prosesi davam edir

“Azərbaycan Sənaye Korporasiyası” ASC-də (ASK) peşəkar kadrların işə cəlb olunması prosesi davam edir.

ASC-nin Korporativ xidmətlər departamentinin İnsan resursları və təlim şöbəsinin müdiri Gülmirə Salmanova AZƏRTAC-a bildirib ki, qabaqcıl texnologiyaların, idarəetmə üsullarının və elmi nailiyyətlər əsasında yaradılan innovasiyaların ölkənin sosial-iqtisadi həyatına tətbiqi uğurlu inkişafdan xəbər verir. Bu zaman prioritet istiqamətlərdən olan ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi ilə yanaşı, müasir tələblərə cavab verən ixtisaslı kadrlara tələbat artır və kadr hazırlığının müasir standartlara uyğunlaşdırılması məsələsi ortaya çıxır. Ölkədə insan kapitalının inkişafı yüksək ixtisaslı kadrların hazırlanması, onların müasir bilik və bacarıqlara yiyələnməsi, eləcə də əmək bazarında layiqli yer tutmasının təmin edilməsidir. İnsan kapitalının inkişafı iqtisadiyyatın qlobal sistemə uğurlu inteqrasiyası, habelə ölkənin beynəlxalq rəqabətdən daha effektli faydalanması prosesində ən mühüm şərtlərdəndir.

Azərbaycan Prezidentinin 2017-ci il 6 noyabr tarixli Fərmanına əsasən yaradılmış ASK fəaliyyət müddəti ərzində sənaye məhsulları istehsalının həcminin artırılmasına və keyfiyyətinin yüksəldilməsinə, ölkədə, əsasən də regionlarda yeni iş yerlərinin yaradılması yolu ilə əhalinin maddi rifahının yüksəldilməsinə yönəlmiş mühüm silsilə tədbirlər həyata keçirib. “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin tərkibinə müxtəlif sahələrdə fəaliyyət göstərən müəssisələr daxildir. Müasir istehsalat sahələri mürəkkəb avadanlıq və texnologiyalar ilə təmin olunub. Onların idarə olunması isə kadrlardan yüksək bilik və peşəkarlıq tələb edir. Qeyd olunan problemin aradan qaldırılması daim korporasiya rəhbərliyinin diqqət mərkəzindədir. Belə ki, ASC nəzdində olan müəssisələrdə kadr potensialının gücləndirilməsi, onların fəaliyyət istiqamətlərinin təkmilləşdirilməsi və ondan səmərəli istifadə edilməsini insan resursları siyasətinin prioritet istiqaməti kimi qəbul edib. Bu baxımdan, korporasiyanın spesifik tələbləri, həmçinin kadrların fərdi göstəricilərinin də nəzərə alınması şərtilə keçirilən işə qəbulla bağlı test imtahanları xüsusi əhəmiyyət daşıyır. Korporasiya kadr ehtiyatı bazasına malikdir və bu bazanın mütəmadi olaraq yenilənməsi üçün peşəkar kadrların işə cəlb olunması prosesi davam edir. Korporasiyada vakansiyalar yaranan zaman kadr ehtiyatı bazasına müraciət edilir və qoyulan tələblərə cavab verən namizədlər işlə təmin olunur. ASK-da işə qəbul vakansiyalar üzrə deyil, kadr ehtiyatı bazasının resurslarının genişləndirilməsi üzrə həyata keçirilir. Kadr ehtiyatı bazasına daxil edilmiş namizədlər mövcud vakansiyalar üzrə müəssisələrə işə təyin edilmək üçün təkmilləşdirilir və yüksək hazırlıq səviyyəsinə uyğunlaşdırılırlar. Korporasiya təcrübəli mütəxəssisləri seçməyə çalışır və seçim mərhələsində hər bir namizəd ilə fərdi müsahibə aparır, onun aid olduğu sahə üzrə bilik və peşəkarlıq səviyyəsini yoxlayır. Müsahibədən uğurla keçən namizədlər kadr ehtiyatına daxil edilir və müəssisələrdə müvafiq vakansiyalar yarandıqca həmin namizədlərə iş təklif olunur. Namizədlər arasından müvafiq sahədə dərhal işə başlaya biləcək təcrübəli şəxslər seçilir. Bu seçim imkanı bütün namizədlər üçün yaradılır. Korporasiyanın vakansiya bazasına daxil olmuş namizədlərin hər biri müsahibədən keçməlidir ki, ASK-nın tələblərinə uyğun olan kadrları seçmək mümkün olsun. Kadr ehtiyatına daxil edilən şəxslərin əksəriyyəti müxtəlif sahələrdə işləməkdə davam edirlər, lakin ASK-nın müəssisələrində iş yerləri açıldıqca onlara müvafiq vakansiyalar təklif edilir. Korporasiyanın kadr siyasəti sahəsində mühüm uğurlarından biri də işə qəbul sisteminin tamamilə şəffaflaşdırılmasıdır. Eyni zamanda, “Azərbaycan Sənaye Korporasiyası” ASC mütəmadi olaraq istedadlı kadrların axtarışındadır.

Məlum olduğu kimi, əmək bazarında kadrlardan istifadə işi tələb və təklif əsasında aparılmalıdır. Bu əsasən 3 qurum arasında həyata keçirilməlidir - işəgötürən tərəf, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi. Bu qurumlar arasında sıx əməkdaşlıq olmalıdır. Nəticədə işəgötürən tərəf Təhsil Nazirliyinə ona lazım olan kadrların hazırlanması ilə bağlı təkliflərini verməli, nazirlik isə öz növbəsində metodiki plan və proqramı hazırlamalı və yekun olaraq, ali təhsil ocaqlarına hansı kadrların hazırlanması ilə bağlı sifariş verməlidir. Bütün ali təhsil müəssisələri kadr hazırlayan zaman işəgötürənin tələblərinə uyğunlaşmalıdır, çünki işəgötürən təhsil müəssisələrinə hansı mütəxəssisin lazım olduğunu daha yaxşı bilir.

ASC bu istiqamətdə ciddi addımlar atmağa başlayıb. Buna nümunə olaraq ADA Universiteti, Azərbaycan Dövlət Texniki Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti arasında imzalanmış anlaşma memorandumlarını qeyd etmək olar. Bu sənədlər qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, müasir dövrün tələblərinə uyğun ixtisaslar üzrə kadr hazırlığı və onların səviyyəsinin yüksəldilməsi, tələbələrin törəmə müəssisələrdə istehsalat təcrübəsi keçməsi, birgə tədbirlərin təşkili, innovasiya və startapların tətbiqinə xidmət edir. Əməkdaşlığımızın nəticəsi olaraq, ölkəmizdə metallurgiya sahəsinin inkişaf etdirilməsi və müvafiq kadr bazasının yaradılması məqsədilə Azərbaycan Dövlət Texniki Universitetin bir qrup tələbəsi “Azəralüminium” MMC-də istehsalat təcrübəsi keçib. Təcrübə ərzində tələbələr “Azəralüminium” MMC-nin Gil-Torpaq İstehsalat Sahəsində gedən texnoloji proseslər və ümumilikdə MMC-nin digər istehsalat sahələri ilə yaxından tanış olublar.

“Azərbaycan Sənaye Korporasiyası” ASC ilə Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) arasında elm və təhsil sahəsində əməkdaşlığa dair imzalanmış anlaşma memorandumu da bu istiqamətdə atılan silsilə tədbirlərin bir nümunəsidir. Qeyd edək ki, korporasiya kənd təsərrüfatı üzrə kadrların hazırlanması üçün Azərbaycan Dövlət Aqrar Universiteti ilə birgə layihə planlaşdırır. Layihənin məqsədi tələbələri praktiki təlimlərə, tədris təcrübəsinə cəlb etməklə yanaşı, onlarda bu sahəyə maraq oyadılması, onların mütəxəssis kimi yetişdirilməsidir.

ASC-nın “İnsan resursları və təlim” şöbəsinin perspektiv vəzifə və hədəfləri içərisində insan resurslarının inkişafı, eləcə də strateji istiqamətləri önəmli yerdədir. Belə ki, korporasiyanın və törəmə müəssisələrin əməkdaşlarının bilik, bacarıq və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, təkmilləşdirilməsi, praktiki iş və idarəetmə qabiliyyətinə, yeni texnologiyalar, texniki vasitələr ilə iş vərdişlərinə yiyələnməsi, eləcə də daim dəyişən və yenilənən əmək şəraitinə uyğunlaşmasını təmin etmək məqsədilə mütəmadi təlimlərə cəlb edilməsi nəzərdə tutulub. Təlim tələbatı daim olaraq dinamik xarakter daşıdığı üçün təlim tələbatlarının öyrənilməsi və onun əsasında tədrisin həyata keçirilməsini məqsədəuyğun hesab etmək olar. Buna görə də tələbatın öyrənilməsi işinin korporasiya əməkdaşlarının inkişaf strategiyasına uyğun həyata keçirilməsi nəzərdə tutulub.

AZƏRTAC