“Azərbaycan Sənaye Korporasiyası” ASC Afinada “İnternational Aluminium 2019” konfransında iştirak edib

“Azərbaycan Sənaye Korporasiyası” ASC və Korporasiyanın törəmə müəssisəsi olan “Azəralüminium” MMC-nin nümayəndə heyəti Yunanıstanın paytaxtı Afinada keçirilən “İnternational Aluminium 2019” konfransında iştirak edib.

ASC-dən Trend-ə verilən məlumata görə, konfrans Avropanın, alüminium bazarına həsr olunmuş, ən böyük tədbiri olmaqla bu bazarda mövcud olan strategiya və həll yolları barədə ətraflı müzakirə, fikir mübadiləsi aparmaq, həmçinin qlobal təchizat və tələbin dəyişməsi, alüminiumdan istifadənin davamlılıq inkişafı, eləcə də cari alüminium sənayesinin imkanları haqqında məlumatlanmaq baxımından əhəmiyyət daşıyır.

Üç gün davam edən konfrans çərçivəsində iştirakçılar bu sənayenin 300-dən çox nümayəndəsi ilə görüşmək, alüminium bazarına həsr olunmuş son məlumatları əldə etmək və aparıcı şirkətlər ilə yeni əməkdaşlıqlar qurmaq imkanı əldə ediblər. “İnternational Aluminium 2019” konfransı çərçivəsində qlobal alüminium sənayesinin gələcəyi, alüminium istehsalçılarının strategiyalarını idarə edən əsas qlobal amillər, eləcə də, enerji xərclərinin artmasının alüminium dəyər zəncirinə təsiri, qlobal alüminium sənayesində böyümə və alüminiumdan istifadənin davamlılığı kimi aktual mövzular əksini tapıb.

Ölkələr arasında yeni biznes və iqtisadi-ticarət əlaqələrinin inkişafına start vermək baxımından əhəmiyyət daşıyan bu beynəlxalq tədbirdə iştirak edən Korporasiyanın baş direktoru Kamran Nəbizadə və “Azəralüminium” MMC-in direktoru Maksim Cavadov Yunanıstanın “Alumel”, ”Elval” və “Aluminium of Greece”, Avstriyanın “Hammerer Aluminium Industries”, Kanadanın “Sinometals Resource Inc”, İngiltərənin “London Metal Exchange”, ABŞ-ın “Gerald Metals”, Sinqapurun “Noble Group”, İsveçrənin “Trafigura” və “Glencore”, Türkiyənin “Assan”, Finlandiyanın “Outotec”, Çexiyanın “Metalimex” şirkətləri ilə satış bazarının genişləndirilməsi və qarşılıqlı əhəmiyyət kəsb edən digər məsələlərin geniş müzakirəsinə dair danışıqlar aparıblar.

“Azəralüminium” MMC ilə Yunanstanın “Alumel” şirkəti arasında bağlanmış müqaviləyə əsasən alüminium profillər istehsalı üçün lazım olan xüsusi tərkibli silindirik pəstahlar (billetlər) istehsal edilməkdədir və artıq 6000 ton məhsul ixrac edilib.

TREND