"Azərbaycan Sənaye Korporasiyası" ASC və İtaliyanın İqtisadi İnkişaf Nazirliyi arasında videobağlantı formatında işgüzar görüş keçirilib

"Azərbaycan Sənaye Korporasiyası" ASC və İtaliyanın İqtisadi İnkişaf Nazirliyinin nümayəndə heyəti arasında videobağlantı formatında işgüzar görüş keçirilib.

ASC-dən Trend-ə verilən məlumata görə, "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin baş direktoru Kamran Nəbizadə və İtaliyanın İqtisadi İnkişaf Nazirliyinin Xarici Əlaqələr üzrə Departamentinin baş direktoru Amadeo Tetinin rəhbərliyi ilə keçirilən görüşdə birgə əməkdaşlıq perspektivləri müzakirə olunub. Müzakirənin əsas mövzusunu Korporasiyanın törəmə müəssisəsi olan "Azərtütün ASK" MMC, "Azəripək" MMC və "ASK Tekstil" MMC tərəfindən həyata keçirilən layihələrin inkişaf perspektivlərinin həlli yolları təşkil edib.

İtaliyanın İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri Azərbaycanda tütün, eləcə də ipək istehsalının ixrac potensialının genişləndirilməsi istiqamətində İtaliyanın bu sektorda fəaliyyət göstərən aparıcı şirkətləri ilə əməkdaşlığa dair təkliflər irəli sürüblər.

Həmçinin tərəflər yüngül sənayenin aparıcı qollarından olan tekstil sahəsi və ayaqqabı istehsalının inkişaf perspektivlərini də müzakirə edib. Qeyd olunub ki, İtaliyanın Marche regionu ayaqqabı istehsalı üzrə ixtisaslaşıb və həmin regionda fəaliyyət göstərən aparıcı şirkətlərin birgə əməkdaşlığa cəlb olunması iqtisadi tərəfdaşlığın səmərəliliyi baxımından əhəmiyyət daşıyır.

Bundan əlavə, görüşdə Korporasiya tərəfindən həyata keçirilən layihələrə investisiya yatırımı imkanları və satış strategiysının perspektivləri də müzakirə olunub.

Görüşdə Strateji İnkişaf və Kommersiya Departamentinin rəhbər heyəti və İtaliyanın İqtisadi İnkişaf Nazirliyinin Xarici Əlaqələr üzrə Departamentinin nümayəndəsi, eləcə də "Solidus" şirkətinin prezidenti Françesko del Tosto iştirak edib.

Trend