Azərbaycan Sənaye Korporasiyasında pambıqçılıqla bağlı müzakirələr aparılıb

“Azərbaycan Sənaye Korporasiyası” ASC-də Prezident İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirəyə həsr olunmuş tədbir keçirilib.

ASC-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə korporasiya və onun törəmə müəssisəsi olan “Azərpambıq ASK” MMC-nin rəhbər heyəti, eləcə də pambıq istehsalı və emalı məntəqələrinin, həmçinin pambıq emalı zavodlarının məsul şəxsləri iştirak ediblər.

Korporasiyanın baş direktoru Kamran Nəbizadə bildirib ki, ölkə başçısının kənd təsərrüfatının, o cümlədən pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı qəbul etdiyi qərarlar və verdiyi tövsiyələr sayəsində respublikamızda bu sahənin sürətli inkişafı üçün əlverişli şərait yaradılıb. Dövlətimizin başçısı tərəfindən göstərilən etimad qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirmək üçün ən başlıca zəmin olmalıdır. Korporasiyanın rəhbəri deyib: “Əldə olunan nailiyyətlərlə yanaşı, həllini gözləyən bir çox problemlər də mövcuddur ki, gələcək inkişaf və hədəflərə nail olmaq bu problemlərin nə dərəcədə düzgün həll olunmasından asılıdır”.

Bu sahədə görülən işlər, hədəflər, inkişaf perspektivləri, qarşıda duran vəzifələr və onların icrasına dair atılan addımlardan danışan baş direktor onu da əlavə edib ki, kadr potensialının gücləndirilməsi, peşəkarlığın artırılması bu sahədə əsas prioritet məsələlərdən biridir və həmin istiqamətdə aparılan tədbirlər daha intensiv olmalıdır.

Tədbir zamanı korporasiyanın törəmə müəssisəsi olan “Azərpambıq ASK” MMC-də korporativ idarəetmə üsulunun tətbiqi, şəffaf və dolğun uçot sisteminin qurulması, mövcud strukturun yenilənməsi, eləcə də fermerlərlə düzgün iş prinsipi, suvarma suyunun çatışmazlığı, düzgün və yararlı əkin sahələrinin seçilməsi, mineral gübrələr, texniki təminat və intensiv texnologiyaların tətbiqi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi və müzakirələr aparılıb.

Qaldırılan məsələlər müvafiq qurum və struktur bölmələrin məsul şəxsləri tərəfindən cavablandırılıb. Mövcud problemlərin həllinə dair korporasiya rəhbərliyi tərəfindən onlara tapşırıqlar verilib, səsləndirilən təkliflər qeydiyyata alınıb.

AZƏRTAC

Fotolent