Füzuli rayonunda bu günədək 513 tondan çox pambıq tədarük edilib

Füzuli rayonunda pambıq yığımı kampaniyası davam edir və qısa vaxtda qəbul məntəqələrinə 513 tondan çox məhsul təhvil verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Füzuli rayonunda bu il 800 hektar sahədə çiyid səpini həyata keçirilib. Pambiq əkinlərinin 500 hektarı “P-Aqro” MMC, 300 hektarı isə “Azərpambıq” MMC ilə müqavilə əsasında becərilib. Yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərilmə qaydalarına ardıcıl və düzgün əməl olunub, cərgələrarası becərmələr, alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparılıb, bitkilər tələbata uyğun optimal müddətdə mineral gübrə və suvarma suyu ilə təmin edilib.

Füzuli pambıqçıları min bir zəhmət bahasına yetişdirdikləri məhsulun vaxtında və itkisiz yığılması üçün əzmlə çalışırlar. Pambıq yığımı həm əl əməyi, həm də kombaynlar vasitəsilə həyata keçirilir. Havaların əlverişli keçməsi məhsulun tez və itkisiz yığılmasına şərait yaradır. Mütəxəssislərin ilkin hesablamalarına görə, bu il Füzulidə 1600 tondan çox “ağ qızıl” istehsalı gözlənilir.

TREND