Beyləqanın pambıq sahələrindən bu günədək 3608,7 ton məhsul tədarük olunub

Respublikamızın iri pambıqçılıq rayonlarından olan Beyləqanda məhsul yığımı davam edir və indiyədək tarlalardan 3608,7 ton “ağ qızıl” toplanıb.

Beyləqan Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, pambıqçılıq sahəsində böyük təcrübəsi olan Beyləqanda 1990-cı illərdən başlayaraq bu sahəyə maraq azalmışdı. Dövlətimizin başçısının tapşırıq və göstərişləri nəticəsində rayonda pambıqçılıq yenidən dirçəlməyə başlayıb. Əgər rayon ərazisində 2016-cı ildə 4035 hektarda pambıq əkilmişdisə, 2017-ci ildə bu rəqəm 8550 hektara, 2018-ci ildə 9560 hektara, 2019-cu ildə isə 9706,1 hektara çatdırılıb. Builki pambıq əkinlərinin 5268,1 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 3358 hektarı “Azərpambıq” MMC, 1000 hektarı “P-Aqro” MMC və 80 hektarı “Vuqar Aqro” MMC ilə müqavilə əsasında aparılıb. Yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərilmə qaydalarına ardıcıl və düzgün əməl olunub, cərgələrarası becərmələr, alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparılıb, bitkilər tələbata uyğun optimal müddətdə mineral gübrə və suvarma suyu ilə təmin edilib. Nəticədə yaxşı çıxış alınıb, barlı kollar yetişib.

“Ağ qızıl”ın tez və itkisiz yığılması üçün rayonda bütün qüvvələr səfərbər olunub. Məhsul yığımına 37 pambıqyığan kombayn cəlb edilib. Mövsümün sonuna rayon üzrə 20 min tondan çox pambıq istehsalı gözlənilir.

AZƏRTAC