“Azərbaycan
Sənaye Korporasiyası” ASC ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında təhsil,
elm və təlim-tədris sahəsində əməkdaşlığa dair Anlaşma
Memorandumu imzalanıb. Sənədi Korporasiyanın baş direktoru Kamran Nəbizadə və Universitetin
rektoru Ədalət Muradov və imzalayıblar.
Sənəd
qeyri-neft sektorunun inkişaf
etdirilməsi məqsədi ilə əməkdaşlığın, birgə tədqiqatların aparılmasının və
proqramların həyata keçirilməsinin, tələbələrin biznes ideyalarının
formalaşdırılmasının, innovativ təşəbbüslərinin, startap fəaliyyətinin dəstəklənməsinin,
onların praktiki tətbiqinin, Dövlət İqtisad Universiteti (UNEC) tələbələrinin “Azərbaycan Sənaye Korporasiyası” ASC və onun törəmə müəssisələrində təcrübə keçməsinin əsaslarının
müəyyənləşdirilməsi istiqamətində əməkdaşlığa xidmət edir.
Tədbiri giriş sözü ilə açan Universitetin
rektoru Ədalət Muradov bildirib ki, müasir
təhsil sistemi real iqtisadiyyatın tələblərinə uyğun olmalıdır və bu uyğunluğun
da əsasını məhz birgə əməkdaşlıqlar təşkil edir. Ali təhsil
müəssisələrində hazırlanan kadrların
real iqtisadi mühitdə, əmək bazarında formalaşdığını vurğulayan Universitetin
rektoru qeyd edib ki, real mütəxəssislərin hazırlanması məhz real əməkdaşlıqlardan
asılıdır.
“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin yaranma tarixi və hazırki
fəaliyyətindən bəhs edən Korporasiyanın baş direktoru Kamran Nəbizadə öz
növbəsində qeyd edib ki, Cəmiyyətin qarşısında duran əsas məqsədlərdən
biri müəssisələrdə işin düzgün təşkili, rentabelliyi yüksəltmək,
istehsalı genişləndirmək, müəssisələr arasında əməkdaşlığı
gücləndirməkdir. İxtisaslı və peşəkar kadrlar bu məqsədlərin əldə
edilməsində böyük rol oynayır. Korporasiyanın baş direktoru onu da bildirib ki, Memorandumun uğuru bu anlaşmanın ikitərəfli şəkildə fəal icrasından
asılıdır.
İqtisad Universitetini bitirən məzunların “Azərbaycan
Sənaye Korporasiyası” ASC-nin mütəxəssis bazasına daxil olması, həmin Universitetin
üç tələbəsinə Cəmiyyət tərəfindən təqaüd ayrılması və bu ali təhsil ocağı tərəfindən Korporasiya,
eləcə də onun törəmə müəssisələrində
çalışan mütəxəssislər üçün ixtisasartırma kurslarının təşkili təməli qoyulan bu
əməkdaşlığın vacib və əhəmiyyətli məqamlarındandır.