“ASK Şəki Şərab” MMC noyabrda İspaniyaya 18 min şüşə şərab ixrac edəcək

“ASK Şəki Şərab” MMC-nin istehsal etdiyi şərab məhsullarının tanıdılması və satışı məqsədi ilə 2019-cu ilin noyabrında İspaniyanın Barselona şəhərinə ilkin olaraq, 18 min şüşə şərabın göndərilməsi nəzərdə tutulur. Bu məqsədlə İspaniyanın “Evroçaynabric” firması ilə müqavilə imzalanıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə “ASK Şəki Şərab” MMC-nin direktoru Vidadi Həsənov məlumat verib.

Zavodun direktoru bildirib ki, İspaniya firmasının nümayəndələri ilə ilk tanışlıq Çin Xalq Respublikasının Şanxay şəhərində keçirilən sərgi zamanı olub. Sonra zavodun rəhbəri İspaniyaya dəvət olunub. Burada “ASK Şəki Şərab” MMC-nin məhsullarının bu ölkədə tanıdılması və satışı ilə bağlı ilkin danışıqlar aparılıb.

V.Həsənovun sözlərinə görə, İspaniya firması dünyanın 38 ölkəsində “ASK Şəki Şərab” MMC-nin istehsal etdiyi “Askona” və “Buket Şəki” şərablarının tanıdılması və satışı ilə məşğul olacaq. Firma öhdəlik olaraq, ayda 200 min şüşə Şəki şərabının satışını öz üzərinə götürərsə, onda zavod həmin ölkələrə şərabın paylanılmasını tam şəkildə İspaniya firmasına həvalə edəcək.

AZƏRTAC