“Azərpambıq ASK”: Bu günədək 23 min hektar sahəyə çiyid səpilib

Hazırda nəzərdə tutulan çiyid səpini işləri aqrotexniki qaydalara riayət olunmaqla müvəffəqiyyətlə davam etdirilir.

"Azərpambıq ASK" MMC-dən AZƏRTAC-a bildirilib ki, bu il ölkənin 15 rayonunda 29 min hektar sahədə pambıq əkilməsi qarşıya məqsəd qoyulub. Bu günədək 23 min hektar sahəyə çiyid səpilib, 8500 hektarda ilkin çıxış alınıb. Aprelin 10-dan başlanan çiyid səpini təxminən may ayının 10-na qədər başa çatdırılmalıdır.

Ötən il hər hektardan 28 sentner məhsul götürülməsi nəzərdə tutulduğu halda, cari ildə hər hektardan 30 sentner məhsul əldə etmək hədəflənir. Bu il MMC tərəfindən əkin mövsümündə bir neçə yeni əlverişli üsul tətbiq edilir. Bunlara misal olaraq qoşa cərgə ilə səpin üsulunu qeyd etmək olar. Həmin üsul vasitəsilə eyni vaxtda iki cərgə ilə əkin aparan səpin aqreqatlarından istifadə olunur. Nəticədə səpin zamanı hər hektarda bitki sayı çox olur ki, bu da məhsuldarlığın xeyli yüksəlməsinə imkan verir. Qoşa cərgə ilə səpin üsulu Biləsuvar təcrübə-sınaq təsərrüfatı, həmçinin pambıq istehsalı və emalı zavodunda, eləcə də Ağcabədi və Bərdə rayonlarının pambıq əkini sahələrində eksperiment olaraq tətbiq edilir.

Əkin mövsümündə tətbiq olunan digər əlverişli vasitə tirə üsuludur ki, şirkət üzrə təxminən 500 hektar sahədə nəzərdə tutulur. Bu üsulla əkinin məxsusi üstünlükləri var. Belə ki, tirə üsulunun əkinə tətbiq edilməsi daha çox məhsuldarlıqda mənfəətin artırılmasına imkan yaradır.

Məhsuldarlığın artırılması üçün vaxtında verilən gübrələr də mühüm əhəmiyyət kəsb edir. Bunun üçün sahələr tələb olunan miqdarda “Ammofos”, “Ammonium nitrat”-azot və karbamid gübrələri ilə təmin olunur.


AZƏRTAC