“Azərbaycan
Sənaye Korporasiyası” ASC tərəfindən Korporasiya və onun nəzdində olan törəmə müəssisələrin əməkdaşları üçün hər ayın yekunları üzrə “Ayın işçisi” adı təsis edilib.
“Ayın işçisi” adı departamentlərin və müəssisələrin təqdimatı əsasında “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş
direktoru tərəfindən verilir və bu
təqdimatda namizədin əmək fəaliyyətinə dair sənədlər göstərilir.
2019-cu il aprel ayının
yekunları üzrə “Ayın işçisi” adı “Elektron sənəd dövriyyəsi” sisteminin tətbiqi
ilə əlaqədar gördüyü işə görə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin “Korporativ xidmətlər”
departamentinin “Ümumi işlər” şöbəsinin baş
mütəxəssisi Samirə Tağıyevaya, əmək funksiyalarını
keyfiyyətlə yerinə yetirdiyinə görə “ASK
Xidmət” MMC-nin kommersiya məsələləri üzrə baş mütəxəssisi Səlimə İskəndərovaya və ”Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin Beyləqan istehsalı və
emalı filialında traktorçu peşəsində çalışan Niyaməddin
Səlimova, tütün istehsalında əmək funksiyalarını keyfiyyətlə yerinə yetirdiyinə
görə “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC-nin Zaqatala tütün emalı
zavodunda fəhlə peşəsində işləyən Fərdanə Barxalovaya
və ayaqqabı istehsalında əmək
funksiyalarını keyfiyyətlə yerinə yetirdiyinə görə ”ASK Ayaqqabı Fabriki”
MMC-nin 1 №-li sexində fəhlə peşəsində çalışan Pərviz Əmirova
verildi.
Bu münasibətlə “Ayın işçisi”
adını alan əməkdaşlara Korporasiyanın baş direktoru Kamran Nəbizadə və digər
rəsmi şəxslər tərəfindən sertifikatlar təqdim olundu. “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Azərbaycan Respublikası Prezidentinin 06
noyabr 2017-ci il tarixli Fərmanına əsasən yaradılmasını qeyd edən baş direktor bildirdi ki, Korporasiyanın əsas məqsədləri dövlət əmlakının idarə edilməsinin səmərəliliyini
artırmaq, qeyri-neft sektorunun inkişafına yönəlmiş tədbirləri həyata keçirmək,
regionlarda yeni iş yerləri yaratmaqla sosial inkişafı dəstəkləmək və əhalinin
rifah problemlərini həll etməkdir. Baş direktor Kamran Nəbizadə onu da vurğuladı
ki, qarşıda duran vəzifələrin həllində bir sıra nailiyyətlər əldə olunmasına
baxmayaraq, problemlər hələ də mövcuddur və onların həlli hər bir əməkdaşın qarşısında məqsəd olmalıdır. “Ayın işçisi” adının təsis
olunmasının bu baxımdan vacib olduğunu qeyd edən baş direktor bildirdi ki, bu
ad mənəvi anlam daşıması, əməkdaşların
əmək fəaliyyətində motivasiya mənbəyi olması ilə yanaşı, həm də onlarda məsuliyyət
hissi yaradır və Korporasiyanın ümumi maraqları, gələcək inkişafı, qarşıya qoyulan
hədəflərə birgə nail olunmasında mühüm əhəmiyyət kəsb edir.