Qaxda 500 hektaradək sahədə tütün əkini proqnozlaşdırılır

Builki mövsümdə Qax rayonunun təsərrüfatlarında 500 hektaradək sahədə tütün əkini proqnozlaşdırılır. Bir neçə gündür ki, fermer təsərrüfatlarında istixana şəraitində yetişdirilmiş tütün şitillərinin sahələrə köçürülməsinə başlanılıb. İlk günlər Şotavar, Qarabaldır və Tasmalı kəndlərinin ərazilərindəki təsərrüfatlarda 30 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi Ülvi Əzimov məlumat verib.

Qurum rəsmisi bildirib ki, tütün əkini ilə əlaqədar “Azərtütün ASK” MMC tərəfindən 41 fermerlə müqavilə bağlanılıb. Müqaviləyə əsasən, həmin fermerlər 306 hektar sahədə “Virciniya botaniki” növlü tütün yetişdirəcəklər. Bundan əlavə, builki mövsümdə torpaq mülkiyyətçiləri tərəfindən fərdi qaydada 189 hektar sahədə tütün əkilməsi də nəzərdə tutulur.

Xatırladaq ki, ötənilki mövsümdə qaxlı fermerlər 491,6 hektar sahədən 552,7 ton quru tütün əldə ediblər.

Baş məsləhətçinin sözlərinə görə, rayonun təsərrüfatlarında qarğıdalı əkini də davam edir. Fermerlər indiyədək 150 hektardan çox sahəyə qarğıdalı əkiblər.

AZƏRTAC