Kamran Nəbizadə: Ağcabədi pambıqtəmizləmə zavodunda yeni avadanlıq bu ayın sonunadək istismara veriləcək

Ağcabədi pambıqtəmizləmə zavodunda yeni avadanlıq bu ayın sonunadək istismara veriləcək.

Trend-in məlumatına görə, bunu "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Kamran Nəbizadə dekabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirədə deyib.

K.Nəbizadə söyləyib: "Ölkəmizdə reallaşdırılan iqtisadi islahatlar, sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sahibkarlar üçün münbit şəraitin yaradılması, imzalanan fərman və sərəncamlar artıq öz bəhrəsini verməkdədir. Kənd təsərrüfatının, o cümlədən pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı qəbul etdiyiniz qərarlar və verdiyiniz tövsiyələr sayəsində ölkəmizdə bu sahənin sürətli inkişafı üçün əlverişli şərait yaradılıb.

Hörmətli cənab Prezident, "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin törəmə müəssisəsi olan "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC 2018-ci ilin mayında təşkil olunub, 6 pambıq emalı zavodu, 6 pambıq tədarükü məntəqəsi, 1 yağ emalı zavodu və Biləsuvar rayonunda 2 min hektarda yerləşən pivot suvarma qurğuları ilə təchiz edilmiş təcrübə-sınaq mərkəzindən ibarətdir. Cəmiyyət tərəfindən 2019-cu ildə 4481 fermerlə müqavilə imzalanıb, 29 min hektar sahədə pambıq əkilib.

Pambığın əkilib-becərilməsində elmi yanaşma, növbəli əkin sistemi, müasir texnologiyaların tətbiqi ilə intensiv inkişaf, məhsuldarlığın yüksəldilməsi və keyfiyyətli pambıq istehsalı əsas məqsədlərdəndir.

Cari ildə tərəfimizdən bir sıra tədbirlər həyata keçirilib. Belə ki, istehsalat fəaliyyəti, satış, təchizat və korporativ idarəetmə sahələri üzrə tədbirlər planı, o cümlədən rayonlar üzrə əməliyyat planı və aqrotexniki xəritələr hazırlanıb. Fermerlərin elektron reyestri yaradılıb, pambıq əkilmiş sahələr ölçülərək xəritələnib və vahid coğrafi məlumat bazası yaradılıb.

"Azərbaycan Sənaye Korporasiyası" ASC-nin sifarişi ilə "Azərkosmos" ASC-yə məxsus "Azərsky" peykinin təsvirləri əsasında pambıq əkini sahələrinin monitorinqi aparılıb. Layihə çərçivəsində suvarmanın, bitkinin cücərməsinin və inkişafının müqayisəli təhlilləri həyata keçirilib, əldə edilmiş nəticələrə uyğun olaraq tədbirlər görülüb. Tələbata uyğun olaraq yüksəkkeyfiyyətli pambıq toxumu, gübrə və bitki mühafizə vasitələrinin seçimi və tədarükü istiqamətində işlər aparılıb. Pambıq əkini və becərmə dövründə fermerlərin maariflənmə tələbatını nəzərə alaraq Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə tərəfimizdən müxtəlif bölgələrdə xaricdən dəvət edilmiş mütəxəssislər, həmçinin yerli aidiyyəti qurumların nümayəndələri, aqronomlar və fermerlərin iştirakı ilə seminarlar və müşavirələr təşkil edilib. Çox vacib amil odur ki, bizim maddi-texniki bazamız güclənib. Biz, bu iki il ərzində "Azərpambıq" MMC-nin istifadəsinə 753 texnika, o cümlədən 45 kombayn, 201 traktor və 507 müxtəlif təyinatlı qoşqular vermişik ki, bunlar da birmənalı olaraq məhsuldarlığın artmasına təsir edir.

Müəssisənin qarşısında duran ən önəmli vəzifələrdən biri də şəffaf və dolğun uçot sisteminin qurulması idi. Bu elektron sistem üzərindən maliyyə menecmenti, insan resurslarının idarə edilməsi, satınalma, satış, istehsal və digər biznes proseslərin müvafiq modullar vasitəsilə avtomatlaşdırılmış rejimdə həyata keçirilməsi təmin edilir. Əlavə olaraq maliyyə axınları üzərində mərkəzləşdirilmiş nəzarətin və şəffaflığın təmin edilməsi üçün elektron bankçılıq platforması tətbiq olunub.

Hazırda pambıq tədarükü mövsümü yekunlaşıb və pambığın emalı prosesi başlayıb. 2018-ci ildə 29 min hektarda əkin aparmışdıq və 56600 ton xam pambıq əldə etdik. Bu il Sizin ekstensiv qaydalardan intensiv və innovativ qaydalara keçmək tapşırığınızı rəhbər tutaraq 2019-cu ildə əkin sahələrinin miqdarını eyni - 29 min hektarda saxlamaqla 80 min ton xam pambıq yığmışıq. Biz ilin əvvəlində hektardan 25 sentnerə yaxın xam pambıq yığmağı proqnozlaşdırmışdıq, artıq bizim nəticəmiz 27,6 sentner təşkil edir.

Emal zavodlarının istismara buraxılışı əsasən 2004-2008-ci illəri əhatə etdiyindən onların modernləşdirilməsi və yenidən qurulmasına ciddi tələbat var. Bu məqsədlə ilkin olaraq "Azərpambıq" MMC-nin vəsaiti hesabına Ağcabədi rayonunda günlük emal gücü 200 ton xam pambıq olan yeni pambıqtəmizləmə zavodu demək olar ki, sıfırdan quruldu və bu ayın sonunadək istismara veriləcək. Bu da imkan verəcək ki, yığdığımız 80 min xam pambığı tam emal edək.

Mahlıcın keyfiyyətini yüksəltmək məqsədilə Ağcabədi, Beyləqan, Biləsuvar, Saatlı zavodları qaz və qurutma qurğuları ilə təmin edilib. Gələcək illərdə tələbata görə mövcud zavodların modernizasiyası və ya yenilənməsi planlaşdırılır. Görüləcək işlər yüksəkkeyfiyyətli və rəqabətli mahlıc və yağ istehsalına imkan verəcək.

İnkişaf strategiyasının digər istiqaməti müasir avadanlıqlarla təchiz olunmuş tekstil fabrikinin qurulmasıdır ki, bu da mahlıcın son məhsula çevrilməsini, əlavə dəyərin yaradılmasını, gəlirlərimizin artmasını təmin edəcək. Pambıq mahlıcından yüksəkkeyfiyyətli iplik və parça istehsalının təşkili həm dəyər zəncirinin artmasına, həm də yeni iş yerlərinin yaranmasına xidmət edəcək. Hazırda bu istiqamət üzrə işlər gedir, araşdırmalar və hesablamalar aparılır.

Kənd təsərrüfatının müvafiq sahələri üzrə peşəkar gənc kadrların hazırlanması Korporasiyanın ən vacib vəzifələrindən biridir. Bu məqsədlə "Azərbaycan Sənaye Korporasiyası" ASC ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında memorandum imzalanıb. Məqsədimiz aqrar sahədə, o cümlədən pambıqçılıq sahəsində birgə elmi tədqiqatlar aparmaq, tələbələrin biznes ideyalarını, innovativ təşəbbüslərini dəstəkləmək və nəticədə pambıqçılığı və digər sahələri ixtisaslaşmış kadrlarla tam təmin etməkdir.

Artıq yeni mövsümə hazırlıq işlərinə başlanılıb. Hazırda 2661 fermerlə müqavilə imzalanıb. Bu, 16 min hektar sahəni əhatə edir. Biz 9700 hektarda çöp doğrama işləri aparmışıq və 7300 hektarda şum işləri aparılıb.

Dövlət proqramlarından irəli gələn, respublikada pambıqçılığın inkişafı üzrə qarşıya qoyulan vəzifələrin icrasında üzərimizə düşən məsuliyyəti dərk edərək bütün tapşırıqların tez bir zamanda və keyfiyyətlə həyata keçirilməsi üçün bundan sonra da var gücümüzlə çalışacağıq".

TREND