Zaqatala tütün istehsalı və emalı məntəqəsi bu il fermerlərdən 2560 ton yaşıl tütün qəbul edib

“Azərtütün ASK” MMC-nin Zaqatala rayonunun Aşağı Tala kəndi ərazisində fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsi builki mövsümdə istehsalçılardan 2 min 560 ton yaşıl tütün kütləsi qəbul edib. Yaşıl kütlə emal məntəqəsindəki xüsusi kameralarda qurudulduqdan sonra ondan 407 ton 588 kiloqram quru tütün əldə olunub. Qurudulan tütün preslənərək anbara yığılıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə emal məntəqəsinin müdiri Mohuma Hüşənov məlumat verib.

Müəssisə rəhbərinin sözlərinə görə, “Azərtütün ASK” MMC tərəfindən cari təsərrüfat ilində Zaqatala rayonunda 410,2 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilib.

Yengiyan kəndindən fermer Telman Həsrətov builki mövsümdə emal məntəqəsinə rayon üzrə hamıdan çox – 232,5 ton yaşıl tütün təhvil verib. Muxax kəndindən Elvin Yusubov məntəqəyə 170,8 ton, Aşağı Tala kəndindən Namiq Şabanov isə 132,9 ton yaşıl tütün gətirib.

Mövsüm ərzində emal məntəqəsində 110 nəfər işçi çalışıb. Onlardan 40 nəfəri məntəqənin daimi işçisidir.

AZƏRTAC

Fotolent