Azərbaycan Gəncləri Gününə həsr olunmuş futbol turniri keçirilib

“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə Gənclər və İdman Nazirliyinin birgə təşəbbüsü, “Azfar” şirkətinin təşkilatçılığı ilə 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş futbol turniri keçirilib.

ASC-dən AZƏRTAC-a bildirilib ki, “ASK İdman Kompleksi”ndə keçirilən futbol turnirinin seçmə mərhələləri bir həftə davam edib və yarışda 3 yaş qrupu üzrə 11, 12, 13 yaşlardan ibarət 36 komanda iştirak edib, 1, 2 və 3-cü yer uğrunda mübarizə aparmaq üçün final mərhələsinə 9 komanda çıxıb.

Turnirin qalibləri 11 yaş qrupu üzrə “Sabah FK”, “Keşlə”, “Neftçi İSM”, 12 yaş qrupu üzrə “Zirə”, “Neftçi PFK”, “Vətən”, 13 yaş qrupu üzrə isə “Zirə”, “Neftçi İSM”, “Neftçi PFK” futbol klubları olub.

Turnirin sonunda yarış iştirakçıları və qaliblər “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktoru Kamran Nəbizadə, Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev, Azərbaycan Güləş Federasiyasının gənclər üzrə vitse-prezidenti, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov, sərbəst güləş üzrə böyüklərdən ibarət Azərbaycan yığma komandasının baş məşqçisi, “Sərhədçi” Olimpiya İdman Mərkəzinin rəis müavini, Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti Firdovsi Umudov, “Həyat” fondunun prezidenti, xeyriyyəçi Hacı Nuran və “Azfar” şirkətinin direktor müavini Şiraz Mahmudov tərəfindən sertifikat, diplom və medallarla təltif olunublar.

AZƏRTAC

Fotolent