“Azərbaycanda inteqrə olunmuş innovativ pambıq becərilməsi” layihəsinin təqdimatı keçirilib

Kənd Təsərrüfatı Nazirliyində Türkiyənin Ege Universiteti və “Agrobest Grup A.Ş” tərəfindən “Azərbaycanda inteqrə olunmuş innovativ pambıq becərilməsi” layihəsinin təqdimatı olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, təqdimatdan əvvəl Ege Universitetinin professoru Mehmet Demirçi, “Agrobest Grup A.Ş” şirkətinin rəhbəri Faruk Eroğlu və nazir müavini İlham Quliyevin iştirakı ilə təqdim olunan layihənin əhəmiyyəti və fəaliyyət istiqamətləri barədə müzakirələr aparılıb.

Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rafail Quliyevin rəhbərliyi ilə keçirilən layihənin təqdimatında M.Demirçi onun məqsədi, nəzərdə tutulan fəaliyyət istiqamətləri, xəstəlik və zərərvericilərə qarşı tətbiq ediləcək yeni pestisidlərin, pambıq bitkilərinin su qıtlığına dayanıqlığının artırılması məqsədilə tətbiq ediləcək bioloji preparatların, orqanik pambıq istehsalının xüsusiyyətləri barədə izahat verib.

Layihə rəhbəri təcrübələrin “MKT İK” MMC, “Azərpambıq ASK” MMC, “P-Agro” MMC pambıqçılıq şirkətlərinin müxtəlif rayonlarda yerləşən təsərrüfatlarında 2 il müddətində yerinə yetirilməsinin nəzərdə tutulduğunu bildirib. Həmçinin birinci ildə pambıq bitkilərinin məhsuldarlığının 20 faiz, ikinci ildə isə lazımi tədbirləri tətbiq edərək 35 faiz yüksəldilməsinə nail olunacağını əsaslandırıb. Layihənin beynəlxalq və yerli təlimlər vasitəsilə digər bölgələrdə də tətbiq ediləcəyi qeyd edilib.

Layihənin yerinə yetirilməsinə yerli mütəxəssislərlə yanaşı, Ege Universitetinin, “Agrobest Grup A.Ş”, “Brandt Consolidate” (ABŞ) və “T.STANES & COMPANY” (Hindistan) şirkətlərinin müvafiq sahələr üzrə əməkdaşları da cəlb olunacaq.

Respublikada pambıq istehsalı ilə məşğul olan “MKT İK” MMC, “Azərpambıq ASK” MMC, “P-Agro” MMC və nazirliyin aidiyyəti qurumlarının təqdimatda iştirak edən mütəxəssisləri layihənin müvəffəqiyyətlə həyata keçirilməsi üçün təklif və tövsiyələrini veriblər.

AZƏRTAC

Fotolent