Sənaye Korporasiyası ilə Rusiyanın “Metalinvest – K” şirkəti əməkdaşlığı genişləndirir

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktoru Kamran Nəbizadə ilə Rusiyanın “Metalinvest – K” şirkətinin direktoru Aleksandr Matveyevin başçılıq etdiyi nümayəndə heyəti arasında işgüzar görüş keçirilib.

ASK-dan AZƏRTAC-a bildirilib ki, görüşdə innovativ mərkəzdənqaçma elektrik dalma nasoslarının istehsalı ilə məşğul olan “Metalinvest – K” şirkətinin nümayəndələri ölkəmizin istehsalat sahələrində, əsasən də neft sektorunda bu qurğuların sınağını həyata keçirmək niyyətində olduqlarını bildiriblər. Həmin qurğuların Azərbaycanda istehsalının təşkili və birgə müəssisələrin qurulması, eləcə də investisiya yatırımının perspektivləri müzakirə olunub. Şirkətin daha bir fəaliyyət istiqaməti ağıllı şəhər konsepti üçün nəzərdə tutulan texnoloji həllərin həyata keçirilməsindən ibarətdir. Bu texnoloji həllər elektrik, qaz, su və digər xərclərə nəzarət, təhlükəsizlik sisteminin qurulması və uzaqdan idarə edilməsi, istehsal sahələrinin monitorinqinin elektron şəkildə aparılması, anbarların avtomatlaşdırılması, eləcə də avadanlıqların monitorinqinin aparılmasına imkan yaradır. Təklif edilən bu texnoloji həllərin gələcəkdə korporasiyanın müxtəlif istehsalat sahələrində tətbiqi məsələsi də görüşün müzakirə mövzularından olub.

Görüşdə korporasiyanın “Strateji inkişaf və kommersiya” departamentinin rəhbər heyəti, eləcə də “ASK Şüşə” MMC-nin əməkdaşları və “Metalinvest – K” şirkətinin mühəndis və layihə rəhbərləri iştirak ediblər.

AZƏRTAC