Biləsuvarda pambıq əkini başa çatıb

Biləsuvarda çiyid səpini başa çatıb. Ötən il 30 min 249 ton xam pambıq istehsal edən biləsuvarlı pambıqçılar cari ildə də yüksək əhval-ruhiyə ilə çalışırlar.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu mövsüm Biləsuvarda 9 min 900 hektar sahədə pambıq becərilməsi nəzərdə tutulub. Bunun üçün 1613 torpaq mülkiyyətçisi ilə müqavilə bağlanılıb, şum, arat, malalama işləri vaxtında həyata keçirilib, səpin üçün yüksək reproduksiyalı toxum tədarük olunub. İstehsal müəssisələri və “Aqrolizinq” ASC tərəfindən göstərilən dəstəkdən bəhrələnən pambıqçılar qısa müddətdə 9 min 900 hektar sahədə səpin aparıblar ki, bu da nəzərdə tutulduğundan xeyli çoxdur. Səpin aparılan sahələrin 3min 525 hektarı “MKT” MMC -yə, 2 min 595 hektarı “Azərpambıq” MMC-yə, 2 min 250 hektarı “P-Aqro”ya, 1500 hektarı isə “Təcrübə-Sınaq” Məntəqəsinə məxsusdur.

Qabaqcıl pambıqçı Fazil Musayev rayonda çiyid səpinini birinci başa çatdıranlardandır. O, uzun illərdir ki, pambıq əkini ilə məşğul olur və həmişə də yüksək nəticə əldə edir. “Ötən il becərdiyim pambıq sahəsinin hər hektarından 42 sentner məhsul götürməklə 210 ton pambıq tədarük etdim. Bu il isə 25 hektar sahədə pambıq əkmişəm və sahəmdə yaxşı cücərti var. Artıq becərmə işlərinə başlamışam. Sahələrdən bol məhsul götürmək üçün ilk gündən bitkiyə nümunəvi qulluq edirəm. İnşallah əziyyətimizin qarşılığını görərik”, - deyə pambıqçı bildirib.

AZƏRTAC