Tanınmış xanımlar “Azəripək” MMC-nin istehsal etdiyi kəlağayıları ən gözəl və məxsusi tərzdə təqdim ediblər

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın səyləri nəticəsində kəlağayı sənətinin Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrimizdə ən mühüm mədəniyyət nümunələrindən olduğu beynəlxalq səviyyədə təsdiq edilib.

“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətindən (ASC) Trend-ə verilən məlumata görə, 2014-cü ildə Azərbaycan kəlağayı sənəti “Qadın ipək baş örtüyü kəlağayının ənənəvi hazırlanma və daşınma mədəniyyəti və onun simvolikası” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin təşəbbüsü ilə xalqımızın geyim etnologiyasının bir hissəsi hesab olunan, gözəllik, zəriflik rəmzi sayılan, qədim tariximizi, mədəniyyətimizi, adət-ənənələrimizi yaşadan bu qədim sənət incisi məşhurların iştirakı ilə ictimaiyyətə təqdim olunub. Ölkənin içtimai-siyasi, sosial və mədəni həyatında fəal rol oynayan tanınmış xanımlar bir araya gələrək, Korporasiyanın törəmə müəssisəsi olan “Azəripək” MMC-nin istehsal etdiyi kəlağayıları ən gözəl və məxsusi tərzdə təqdim ediblər. Milli mədəniyyətimizin ayrılmaz tərkib hissəsi olan bu qədim sənət növünün bütün gözəlliklərini özündə əks etdirən, nəciblik və xanımlıq rəmzi sayılan kəlağayını “Made in Azerbaijan” brendi adı altında dünyaya tanıtmaq məqsədi ilə təşkil edilmiş bu fotosessiyada millət vəkilləri Elmira Axundova və Ülviyyə Ağayeva, xalq artistləri Flora Kərimova və Həmidə Ömərova, əməkdar artistlər Sənubər İsgəndərli, Vəfa Zeynalova, Hüsniyyə Mürvətova, aktrisa Sevinc Əliyeva, teleaparıcılar Dilarə Səlim, Nərgiz Cəlilova, Lalə Azərtaş, “Bakı Park Bulvar” AVM-nin PR-meneceri Günay Malikqızı və digər tanınmış simalar iştirak ediblər.

Fotolent