“Azərbaycan Sənaye Korporasiyası”nın reallaşdırdığı layihələr gələcəkdə ölkə iqtisadiyyatına müsbət təsirlərini göstərəcək

Azərbaycanda iqtisadiyyatın tarazlı, rəqabətqabiliyyətli və dayanıqlı inkişafını təmin etmək dövlətin iqtisadi siyasətinin prioritetlərindəndir. Ölkədə aparılan davamlı iqtisadi islahatlar və iqtisadiyyatın şaxələndirilməsi siyasəti nəticəsində iqtisadiyyatın bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da böyük uğurlar qazanılıb. “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin (ASK) fəaliyyətə başlamasının iki ili münasibətilə Korporasiyasının baş direktoru Kamran Nəbizadə qurumun gördüyü işlər, həyata keçirdiyi layihələr və perspektivlər barədə fikirlərini AZƏRTAC-la bölüşüb.

- Azərbaycan Sənaye Korporasiyası, qurum tərəfindən yaradılan törəmə müəssisələri və onların fəaliyyəti barədə nə deyə bilərsiniz?

- “Azərbaycan Sənaye Korporasiyası” ASC Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 noyabr tarixli Fərmanına əsasən yaradılıb. Korporasiyanın yaradılması ölkə iqtisadiyyatının gələcək inkişafı istiqamətində atılan mühüm addımlardandır. Korporasiyanın fəaliyyətinin əsas məqsədləri dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, idarəçiliyində olan müəssisələr arasında əlverişli kooperasiya əlaqələri yaratmaq, istehsal potensialının gücləndirilməsinə nail olmaqdır.

Fəaliyyət müddəti ərzində “Azərbaycan Sənaye Korporasiyası” ASC sənaye məhsulları istehsalının həcminin artırılmasına və keyfiyyətinin yüksəldilməsinə, ölkədə, əsasən də regionlarda yeni iş yerlərinin açılması yolu ilə əhalinin maddi rifahının yüksəldilməsinə yönəlmiş mühüm silsilə tədbirlər həyata keçirib. Hazırda Korporasiya və törəmə müəssisələrində işçilərin ümumi sayı 4986 nəfərdir. Həmin müəssisələr tam gücü ilə işləməyə başladıqdan sonra işçi yerlərinin sayının daha 712 nəfər artaraq 5698 nəfərə çatacağı gözlənilir.

Hazırda ASK tərəfindən qeyri-neft sektorunun müxtəlif sahələrini əhatə edən 19 törəmə müəssisə yaradılıb. Bunlardan sosial-iqtisadi əhəmiyyət kəsb edən bir sıra müəssisələri, o cümlədən “Azərpambıq ASK” MMC-ni qeyd etmək olar. Bu sahədə idarəetmə strukturu dəyişilib, maddi-texniki baza yenilənib, yeni pambıqyığan kombaynlar alınıb. Bundan əlavə, “Azərpambıq ASK” MMC üzrə 2018-ci il mövsümündə respublikanın 14 rayonunda 29 min hektarda pambıq əkini aparılıb və 56,6 min ton xam pambıq tədarük edilib.

2019-cu il üçün 29 min hektar sahədə pambıq əkini aparılıb. Tədarük olunacaq xam pambığın həcmi 72 min 500 ton, məhsuldarlığın isə hər hektardan 25 sentner olacağı hədəf seçilib. Bundan da emala 72 min 500 ton xam pambıq veriləcək ki, ondan 27 min 550 ton mahlıc, 35 min 525 ton çiyid, 1449 ton köməkçi məhsullar, 490 ton pambıq yağı, 5 min 390 ton çiyid cecəsi istehsal olunacaq.

Korporasiyanın fəaliyyəti dövründə tütünçülük sahəsində də mühüm addımlar atılıb. Belə ki, rəsmi statistik məlumatlara əsasən 2018-ci ildə ölkə üzrə 3400 hektar tütün əkilib, fermerlərdən 38 min tondan çox yaş tütün satın alınıb. Xüsusi olaraq qeyd etmək lazımdır ki, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin dəstəyi və birbaşa təşkilatçılığı ilə 2350 hektarda tütün əkilib, 20 min 756 ton yaş tütün tədarük edilib, 226 fermerə 4,3 milyon manat vəsait ödənilib. Eyni zamanda, tütünçülük fəaliyyəti ilə məşğul olan fermerlərə tütün məhsulunun tədarükü və emalı proseslərində dəstək göstərilməsi, onların ehtiyaclarının təmin edilməsi, həmçinin emal edilən tütünün keyfiyyətinin artırılması məqsədilə “Azərbaycan Sənaye Korporasiyası” ASC tərəfindən Balakən rayonunda 2018-ci ildə müasir tələblərə və standartlara cavab verən 60 kameradan ibarət tütünqurutma məntəqəsi qısa müddət ərzində istifadəyə verilib. Bundan əlavə, 2019-ci ildə “Azərtütün ASK” MMC-nin Şəki rayon Çələbixan qəsəbəsində yerləşən Şəki Tütün İstehsalı və Emalı Məntəqəsinin ərazisində qısa müddət ərzində İtaliyanın “De Cloet” şirkətinin istehsalı olan müasir tələblərə cavab verən 30 ədəd odlaqurutma kamerası quraşdırılıb, habelə məntəqə digər zəruri infrastruktur və texnoloji vasitələrlə təmin edilib. Hazırda “Azərtütün ASK” MMC-nin Balakən, Zaqatala, Qax və Şəki rayonlarında zəruri infrastruktura malik dörd tütün istehsalı və emalı məntəqəsi, 266 ədəd odlaqurutma kamerası, anbar və ofis binaları, Zaqatala rayonunda isə bir tütün emalı zavodu fəaliyyət göstərir. Ümumilikdə, “Azərtütün ASK” MMC və onun strukturuna daxil olan müəssisə və obyektlərdə 174 daimi iş yeri var, mövsümdə isə 550-600 nəfər müvəqqəti işə cəlb edilir.

Məlum olduğu kimi, Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində qədim ənənələrə söykənən baramaçılığın və ipəkçiliyin bərpası və inkişaf etdirilməsi kənd təsərrüfatının prioritet istiqamətlərindən biri kimi müəyyən edilib və Korporasiyanın törəmə müəssisə olan “Azəripək” MMC də bu istiqamətə əsaslanaraq fəaliyyət göstərir.

Belə ki, müvafiq dövlət qurumlarının, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin və kümçülərin birgə fəaliyyəti ilə görülən tədbirlər nəticəsində respublikamızın 38 rayonunda təşkil edilmiş barama istehsalı ilbəil artırılıb, 2019-cu ildə 641 ton yaş barama istehsal edilib. Cari ildə istehsal olunan yaş barama “Azəripək” MMC-nin mütəxəssisləri tərəfindən, Kənd Təsərrüfatı Nazirliyi və rayon icra hakimiyyətlərinin dəstəyi ilə yerlərdə operativ şəkildə qəbul olunub, qısa müddətdə itkisiz daşınaraq müəssisəyə gətirilib, baramanın ilkin emalı prosesi həyata keçirilib, qurudularaq anbarlara yığılıb. 2019-cu ildə 5565 fermerdən tədarük olunmuş yaş baramanın müqabilində ümumilikdə 2 milyon 500 min manatdan artıq vəsait “Azəripək” MMC tərəfindən kümçülərin hesablarına tam köçürülüb.

Əlbəttə ki, yaş barama istehsalının artım dinamikasına uyğun olaraq onun emal infrastrukturunun da yaradılması və sahənin rentabelliyinin artırılması da qarşımızda duran əsas vəzifələrdəndir ki, “Azərbaycan Sənaye Korporasiyası” ASC tərəfindən bu istiqamətdə də zəruri tədbirlər həyata keçirilir.

Cari ilin proqnozuna uyğun olaraq, yaş baramanın qəbulu və emalı üçün “Azərbaycan Sənaye Korporasiyası” ASC tərəfindən hələ keçən ilin sonlarından müvafiq infrastrukturun yaradılmasına başlanılıb. Belə ki, mövcud baramaboğan avadanlıqları əsaslı təmir edilib, iki ədəd yeni baramaboğan avadanlığı, bir ədəd 10 tonluq buxar qazanı alınıb və müəssisədə quraşdırılaraq istifadəyə verilib. Bundan əlavə tədarük olunan yaş baramanın qurudulması üçün yeni tərəcələr quraşdırılıb, iki ədəd yük daşıyan lift əsaslı təmir olunub, qurudulmuş baramanın saxlanması üçün xüsusi anbar yaradılıb.

Eyni zamanda, növbəti illərdə istehsal olunacaq yaş baramanın gözlənilən artım həcmi nəzərə alınaraq Şəki şəhərində 1,6 hektar torpaq sahəsində yeni Barama tədarükü və emalı məntəqəsinin yaradılması məqsədilə texniki-iqtisadi əsaslandırma və layihələndirmə sənədləri hazırlanıb.

Korporasiyanın fəaliyyət müddətində həllini tapmış məsələlərdən danışarkən, rəqəmsal idarəçiliyin inkişafında önəmli addım sayılan “Elektron sənəd dövriyyəsi sistemi”nin “Azərbaycan Sənaye Korporasiyası” ASC-də tətbiqini də qeyd etmək istərdim. “Dövlət orqanlarında (qurumlarında) daxili idarəetmə proseslərinin elektronlaşdırılması tədbirləri haqqında” Prezident İlham Əliyevin 2018-ci il 27 oktyabr tarixli Fərmanına əsasən yaradılan “Elektron sənəd dövriyyəsi sistemi” qabaqcıl informasiya və kommunikasiya texnologiyalarından istifadə olunması və rəqəmsal idarəçiliyin tətbiq edilməsi sahəsində əldə olunmuş mühüm nailiyyətlərdən biridir. Mövcud sistem kargüzarlıq və sənəd dövriyyəsinin idarə edilməsi proseslərinin avtomatlaşdırılmasına xidmət edir. Mərkəzləşdirilmiş elektron sənəd dövriyyəsi sisteminin tətbiqi nəticəsində Korporasiya və onun tabeliyində olan müəssisələrdə kargüzarlıq işinin optimallaşdırılmasına, sənəd dövriyyəsinin sürətlənməsinə, həmçinin verilən tapşırıqların və müqavilə öhdəliklərinin yerinə yetirilməsinə nəzarətin gücləndirilməsinə nail olunacaq. Vacib məqamlardan biri də, sistemdə tətbiq edilmiş tapşırıqlara sərbəst nəzarət prinsipidir ki, bununla da verilən tapşırıqları təşkilati strukturun istənilən mərhələsində izləmək imkanı yaranır. Artıq, “WSS Docs” elektron sənəd dövriyyəsinin paralel olaraq “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin tərkibində olan müəssisələrdə də tətbiq edilməsi işlərinə başlanılıb.

- Korporasiyanın törəmə müəssisələrindən olan “Azəralüminium” MMC respublikamızda əlvan metallurgiya sənayesinin aparıcı şirkətlərindən biridir. Bu müəssisədə mövcud durum haqqında nə deyə bilərsiniz?

- Nizamnamə kapitalı 282,2 milyon manat olan “Azəralüminium” MMC-də hazırda 1098 nəfər çalışır və orta aylıq əməkhaqqı 679.37 manatdır. 2018-ci ildə müəssisənin illik gəliri 19,6 milyon manat, cari ilin 9 ayında isə artıq 156,7 milyon manat olub. İllik istehsal gücü 54 min ton olan müəssisənin buraxdığı alüminium məhsullarının 94,7 faizi Türkiyəyə, ABŞ-a, Rusiyaya, Yunanıstana və digər ölkələrə ixrac olunur.

Qeyd etmək istərdim ki, ölkənin təbii resurslarının optimal istifadə olunması, Azərbaycanda alüminium sənayesinin inkişaf etdirilməsi, rəqabət qabiliyyətinin artırılması, alüminium sənayesinin yerli xammalla təchiz edilməsi və alunit yataqlarının işlənməsi məqsədilə “Azərbaycan Sənaye Korporasiyası” ASC bu yaxınlarda beynəlxalq tender elan edib. Hədəf Azərbaycanın Daşkəsən rayonu ərazisində yerləşən “Daşkəsən Zəylik Alunit Mədəni”ndə alunit filizi ehtiyatlarının qiymətləndirilməsi və müasir zənginləşdirmə texnologiyası ilə alunit filizindən gil-torpaq istehsalı üçün zəruri olan alunit konsentratının əldə edilməsi, həmçinin hasil olunan alunit konsentratını emal etməklə tərkibindəki gil-torpaq, gübrələr və digər yararlı məhsulların çıxarılması üçün tətbiq olunacaq iqtisadi baxımdan səmərəli, ekoloji cəhətdən təhlükəsiz texnologiyanın seçimi, bu texnologiyanın laboratoriya, yarımsənaye və sənaye sınaqlarının aparılmasıdır.

Nəticədə əvvəllər istifadə edilmiş texnologiyadan fərqli olaraq, alunitin mədən ərazisində zənginləşdirilməsi və bu zənginləşmə sayəsində Zəylikdən Gəncə gil-torpaq istehsal sahəsinə daşınan və hidrometallurji emala verilən filizin miqdarının 40 faizədək azalması gözlənilir. Bu isə öz növbəsində istehsal xərclərinin azalması ilə rəqabətqabiliyyətli gil-torpaq istehsalına imkan yaradacaq. Eyni zamanda, digər vacib məqam alunit filizinin kompleks emal edilərək onun tərkib elementlərinin kommersiya maraqlı məhsullara, əsasən kənd təsərrüfatı təyinatlı gübrələrə çevrilməsidir.

Tender üzrə əsas şərtlər toplusunun hazırlanması, təkliflərə baxılması, onların qiymətləndirilməsi və müqayisəsi məqsədilə “Azərbaycan Sənaye Korporasiyası” ASC-də artıq Ekspertlər Şurası da yaradılıb.

- Korporasiyanın nəzdindəki “ASK Şəki Şərab” zavodu istehsal etdiyi məhsullarını hansı ölkələrə ixrac etməyi planlaşdırır?

- Azərbaycanda iqtisadiyyatın səmərəliliyinin artırılması və rəqabət qabiliyyətinin yüksəldilməsi çərçivəsində aqrar sektorda üzümçülüyün, eyni zamanda, şərabçılığın dinamik inkişafı ölkənin əsas prioritetlərindən biridir. 2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün, eləcə də 2018-2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair dövlət proqramları ölkəmizdə üzümçülüyə və şərabçılığa dair aqrar siyasəti formalaşdıran əsas prioritetlər hesab edilir.

Bu baxımdan Korporasiyanın nəzdində olan “ASK Şəki Şərab” zavodunun fəaliyyəti də dövlət proqramlarının həyata keçirilməsi istiqamətində görülən silsilə tədbirlərdəndir. Müəssisənin fəaliyyətinin əsas məqsədlərindən biri istehsal olunan şərabların keyfiyyətinin dünya bazarlarının tələblərinə, müasir standartlara uyğunluğunu təmin etməklə mövcud bazarlarda öz payını əhəmiyyətli dərəcədə artıra bilməkdir. Son bir il ərzində “ASK Şəki Şərab” zavodu istehsal etdiyi şərabların daxili və xarici bazarlarda satışını həyata keçirib. Bu günlərdə zavodun məhsullarının qədim şərabçılıq ənənələri olan İspaniyaya tədarük olunması barədə razılaşma əldə olunub. Razılaşmaya əsasən, Barselonaya ayda 100 min şüşə şərab göndərilməsi nəzərdə tutulur.

Daha bir razılaşma Rusiya Federasiyası ilə əldə olunub və yaxın aylarda məhsulların ilk partiyası bu ölkəyə tədarük ediləcək. Zavod belaruslu tərəfdaşlarla da danışıqlar aparır və ilin sonunadək məhsullarımız həmin ölkənin də bazarına çıxarılacaq. Zavod Belçika, Çin və Qazaxıstana da şərab ixracını təşkil etməyi nəzərdə tutur. İstehsal olunan şərabların nümunələri artıq bu ölkələrə göndərilib və yüksək qiymətləndirilib. Yaxın gələcəkdə həmin ölkələrin şirkətləri ilə müqavilələrin bağlanılması planlaşdırılır.

- “Avesta Konserni” MMC-yə məxsus “Yeni şəhər” kompleksi “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin balansına verilib. Bu kompleksdəki işlərin tam olaraq nə zaman yekunlaşdırılması və hansı təyinat ilə fəaliyyət göstərməsi nəzərdə tutulur?

- Xatırladım ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında 2017-ci il 4 dekabr tarixli Fərmanına əsasən, problemli aktivlərin əvəzində əldə olunmuş 52 hüquqi şəxsə məxsus əmlak “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin mülkiyyətinə verilib. Qeyd olunmalıdır ki, həmin hüquqi şəxslərin təsis payları və ya səhmləri deyil, məhz əmlakı “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin mülkiyyətinə keçib.

Korporasiya isə həmin əmlakı yaratdığı 18 törəmə müəssisənin balansına ötürüb. Başqa sözlə, “Azərbaycan Sənaye Korporasiyası” ASC bu hüquqi şəxslərin hüquqi varisi deyil və onun törəmə müəssisələrinin əmlakın keçmiş mülkiyyətçiləri ilə heç bir bağlılığı yoxdur.

“Avesta Konserni” MMC-yə məxsus “Yeni şəhər” kompleksinin cəmiyyətin balansına keçməsi də “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı ardıcıl tədbirlərin davamıdır. Belə ki, Təhvil-Təslim Komissiyasının qərarı ilə “Avesta Konserni” MMC-yə məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinin şimal-şərq hissəsində 499,9573 hektar torpaq sahəsinin istifadə hüququ və onun üzərində yerləşən inşası başa çatmamış tikililər “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin balansına verilib.

Kompleksdəki işlərin tam olaraq nə vaxt yekunlaşdırılması və hansı təyinat ilə fəaliyyət göstərməsinə gəlincə, qeyd edim ki, kompleksin gələcək inkişafı baxımından texniki və iqtisadi cəhətdən yenidən əsaslandırılması üçün yerli və xarici mütəxəssislərin cəlb edilməsi nəzərdə tutulub. Mütəxəssislər tərəfindən yekun rəy verildikdən sonra layihənin davam etdirilməsi, gələcək inkişaf perspektivləri, investorların axtarışı barədə qərar qəbul ediləcək.

- Önümüzdəki illərdə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin qarşısında hansı prioritet məsələlər yer alır və gələcəkdə Korporasiyanın nəzdindəki törəmə müəssisələrin sayının artırılması nəzərdə tutulurmu?

- Qarşıdan gələn ildə prioritet məsələlərdən biri kimi, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin tərkibinə daxil olan törəmə müəssisələrin inkişaf strategiyasının hazırlanması nəzərdə tutulur. Biz bu istiqamətdə ciddi iş aparırıq. “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin tərkibinə müxtəlif sahələrdə fəaliyyət göstərən müəssisələr daxildir. Bu strategiya müxtəlif istiqamətlər üzrə hazırlanacaq və hökumətə təqdim olunacaq. “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin əsas məqsədi bu müəssisələrdə işin düzgün təşkili, rentabelliyi yüksəltmək, istehsalı genişləndirmək, onlar arasında əməkdaşlığı gücləndirməkdir ki, bu da yeni iş yerlərinin açılması, sosial məsələlərin həlli, Azərbaycan məhsullarının ixracının artması, eləcə də idxal olunan məhsulun yerli məhsulla əvəz olunması deməkdir.

Əlbəttə ki, yeni qurulmuş müəssisələrdə hesabatlılıq yüksək səviyyədə olmalı, müasir tələblərə cavab verməlidir. Bu baxımdan maliyyə uçotu, maliyyə nəzarəti və maliyyə auditinin təşkili prioritet istiqamətlərdən biridir. Korporasiyanın nəzdində olan bir çox müəssisələrdə “1C-ERP” proqramının tətbiq olunması bu yöndə atılan addımlardan sayıla bilər. Bildiyimiz kimi, hər hansı bir proqramın tətbiqi biznes proseslərinin təsvirini, onların təhlilini, yaxşılaşdırılmasını tələb edir və nəticədə sənəd dövriyyəsində şəffaflığa nail olmaq imkanı yaradır. Bu mövzu ilə bağlı bizim üçün prioritet məsələlərdən biri olan müasir korporativ idarəetmə prinsiplərindən də söz açmaq istərdim. Korporasiyanın və onun törəmə müəssisələrinin strukturu, işçilərin vəzifələri, məsuliyyəti, hesabatlılığı, həmin idarəetmə prinsipləri əsasında qurulmalıdır. Deyə bilərəm ki, biznes proseslərinin səmərəli təşkili təchizatdan başlayaraq satışa kimi yaxşılaşmaya doğru gedir və məsrəflərin azalması, daha səmərəli idarəetmə üsullarının tətbiqi ilə nəticələnəcək.

- Xüsusi ixtisaslı kadrların olması sənayeləşmə prosesinin vacib məqamlarındandır. Məlumdur ki, Korporasiya öz nəzdində olan törəmə müəssisələrdə menecmentin keyfiyyətinin yüksəldilməsi ilə məşğuldur. Bu istiqamətdə hansı işlər görülür?

- Bilirik ki, müasir istehsalat sahələri mürəkkəb avadanlıq və texnologiyalar ilə təmin olunub və onların idarə olunması kadrlardan yüksək bilik və peşəkarlıq tələb edir. Bu problemin aradan qaldırılması daim diqqətimizdədir. Belə ki, “Azərbaycan Sənaye Korporasiyası” ASC öz nəzdində olan müəssisələr üçün gənc, istedadlı kadrların axtarışındadır və bu axtarışlar yaxın illər ərzində öz bəhrəsini verəcək. Bu istiqamətdə atılan addımlardan biri kimi “Azərbaycan Sənaye Korporasiyası” ASC ilə ADA Universiteti, Texniki Universitet və İqtisad Universiteti arasında imzalanmış anlaşma memorandumunu qeyd etmək olar. Bu memorandumlar qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, müasir dövrün tələblərinə uyğun ixtisaslar üzrə kadr hazırlığı və onların səviyyəsinin yüksəldilməsi, tələbələrin törəmə müəssisələrdə istehsalat təcrübəsi keçməsi, birgə tədbirlərin təşkili, innovasiya və startapların tətbiqinə xidmət edir.

Əməkdaşlıqların nəticəsi olaraq, ölkəmizdə metallurgiya sahəsinin inkişaf etdirilməsi və müvafiq kadr bazasının yaradılması məqsədilə Texniki Universitetin bir qrup tələbəsi “Azəralüminium” MMC-də istehsalat təcrübəsi keçib. Təcrübə ərzində tələbələr “Azəralüminium” MMC-nin Gil-Torpaq İstehsalat Sahəsində gedən texnoloji proseslər və ümumilikdə “Azəralüminium” MMC-nin digər istehsalat sahələri ilə yaxından tanış olublar.

Korporasiyamız kənd təsərrüfatı üzrə kadrların hazırlanması üçün də Azərbaycan Dövlət Aqrar Universiteti ilə layihə planlaşdırır. Layihənin məqsədi tələbələri praktiki təlimlərə, tədris təcrübəsinə cəlb etməklə yanaşı, onlarda bu sahəyə maraq oyadılması, onların mütəxəssis kimi yetişdirilməsidir.

Bu əməkdaşlıqların davamı olaraq, “Azərbaycan Sənaye Korporasiyası” ASC ilə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Bakı Ali Neft Məktəbi arasında əməkdaşlıq haqqında memorandum imzalanması da nəzərdə tutulub. Bundan əlavə, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Azərbaycan Sənaye Korporasiyası” ASC arasında əməkdaşlığa dair imzalanmış memorandum da birgə layihələrin həyata keçirilməsi, gənclərin sahibkarlığa cəlb edilməsinin təşviqi, maarifləndirilməsi, innovativ təşəbbüslərin reallaşdırılması və digər istiqamətlərdə əməkdaşlıq baxımından əhəmiyyət daşıyır.

Bu istiqamətdə atılan addımlar yalnız “Azərbaycan Sənaye Korporasiyası” ASC-yə deyil, ümumilikdə ölkə iqtisadiyyatının inkişafına öz töhfələrini vermək üçün zəmin olacaq.

AZƏRTAC