Tütünçülüyə maraq artıb / "Azərbaycan" qəzeti

Ölkə rəhbərinin ixracyönümlü istehsal, emal və infrastruktur müəssisələrinin yaradılması və inkişaf etdirilməsi istiqamətində verdiyi tapşırıqlar Zaqatala bölgəsində də uğurla yerinə yetirilir. Belə sahələrdən biri tütünçülükdür. Bu da təbiidir. Tütün ölkəmizə valyuta gətirən məhsullardandır.

Bölgədə əsasən ətirli və qiymətli "Berley” və "Virciniya” sortları əkilib becərilir. "Azərtütün” MMC tərəfindən əvvəlki illərdə Zaqatala rayonunda istifadəyə verilmiş 60 ədəd odla tütün qurutmaxanası, 5000 kvadratmetr sahəsi olan anbar, 7320 kvadratmetr sahəsi olan müasir texnologiyaya əsaslanan şitillik təsərrüfatları tütün istehsalını artırmağa əlavə imkanlar yaradıb.

"Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Kamran Nəbizadə bildirdi ki, ənənəvi sahə olan tütünçülüyün inkişaf etdirilməsi üçün Zaqatala, Qax, Şəki, Balakən ərazisində hərəsində 1 tütün qəbulu məntəqəsi təşkil olunub. Bu il Balakən rayonu ərazisində 60 tütünqurutma kamerası da quraşdırılıb.

Ümumilikdə "Azərtütün” MMC tərəfindən 2356 hektar sahədə "Vircinya” növlü ətirli tütün əkilib. Havaların yağmurlu keçməsi də tütünçülük üçün çox səmərəli olub. Məhsul kifayət qədərdir. Gündə hər məntəqədə orta hesabla 60-70 ton yaşıl kütlə qəbul olunur. İndiyədək təxminən ümumilikdə 12 min tona qədər yaşıl kütlə tədarük edilib. İlin sonunadək bu rəqəmin 20 min tona qədər çatacağı gözlənilir.

Müsahibimiz daha sonra dedi ki, cari ildə Zaqatala rayonu üzrə tütün istehsalçısı olan 78 fermerlə müqavilə bağlanıb. 525 hektar sahədə tütün əkilib. Bu da 1500 nəfərə yaxın insanın işlə təmin olunması deməkdir. Zaqatala tütün qəbulu məntəqəsində 150 nəfər, tütün emalı zavodunda 50 nəfərə yaxın insan işləyir. Tütün istehsalçıları təxminən ilin 8-9 ayı - tütün şitilinin hazırlanması, sahələrə köçürülməsi, becərmə, məhsulun dərimi və son yarpağınadək tədarük məntəqəsinə təhvil verilənədək həmin prosesin içərisində olurlar. Bölgə sakinlərinin tütünçülüyə artan marağı nəzərə alınaraq tütünqurutma kameralarının sayı da artırılacaq.