Vüqar Hüseynov: Bu gündən rayonlara ipəkqurdu toxumlarının paylanılmasına başlanılır

Ötən il 38 rayonda ipəkqurdu bəslənilirdisə, bu il rayonların sayı 40 çatdırılıb. Belə ki, cari ildən Beyləqan və Samuxda da kümçülər ipəkqurdu bəsləyəcəklər. Ümumilikdə, rayonlar üzrə 20 min qutu ipəkqurdu paylanacaq.

Bunu Qax rayonunda AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib.

Onun sözlərinə görə, bu gündən Qax Damazlıq İpəkçilik Stansiyasından rayonlara ipəkqurdu sənaye toxumları paylanmasına başlanılır: “İlk olaraq toxumlar 8 rayona göndəriləcək. Mayın 25-dək isə ümumilikdə 40 rayona göndərilməsi təmin olunacaq. Qeyd edim ki, həm əməktutumlu, həm də qısa müddətdə gəlir götürməyə imkan verən baramaçılıq kənd təsərrüfatının əsas sahələrindən biridir. Bu gün dövlət tərəfindən baramaçılığa xüsusi önəm verilir. O cümlədən kümçülərə pulsuz tut tingi və ipəkqurdu toxumları paylanılır. “Azəripək” baramanın 1 kiloqramını kümçüdən 4 manatdan satın alır, dövlət tərəfindən isə kümçüyə əlavə olaraq 5 manat subsidiya verilir. Kümçü bir kiloqram baramadan 9 manat vəsait götürür. Hətta ötən il 1 ton yaş barama təhvil verən kümçümüz də olub”.

AZƏRTAC