Biləsuvarda qısa müddətdə 2 min hektardan çox sahəyə çiyid səpilib

Bir neçə gündür Biləsuvarda çiyid səpininə başlanılıb. Ötən il pambıq plantasiyalarından 30 min 249 ton pambıq istehsal edən biləsuvarlı əkinçilər cari ildə 9 min 839 hektar sahədə pambıq əkməyi planlaşdırırlar. Bunun üçün 1613 məhsul istehsalçısı ilə müqavilə bağlanılıb və onlar lazımi texnika, toxum, dərman preparatları ilə təmin olunub və digər köməkliklər göstərilib.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, səpin kampaniyasına mütəşəkkil başlayan pambıq istehsalçıları qısa müddətdə 2 min 386,8 hektar sahəyə toxum səpiblər. İşin yaxşı təşkili nəticəsində gün ərzində rayon üzrə ümumilikdə 110-120 hektar sahəyə çiyid səpilir. Səpin aparılmış sahənin 1293 hektarı “MKT-İK” MMC-yə, 195 hektarı “AZƏRPAMBIQ” MMC-yə, 608,8 hektarı “P-AQRO” MMC-yə, 290 hektarı isə “Təcrübə-Sınaq” məntəqəsinə məxsusdur. Məhsul istehsalçıları səpini optimal müddətdə başa çatdırmaq üçün bütün imkanlardan səmərəli istifadə edirlər.

AZƏRTAC