Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda pambıq yığımına başlanılıb

Bir neçə gündür ki, cəbhə bölgəsində yerləşən Ağdam rayonunda pambıq yığımına başlanılıb.

AZƏRTAC xəbər verir ki, bu il rayon ərazisində 2600 hektar sahədə pambıq becərilib. “MKT İstehsalat Kommersiya” MMC, “Azərpambıq” MMC və “P-Aqro” MMC ilə müqavilə əsasında əkilən pambıq sahələrinə lazımi aqrotexniki qulluq göstərilib, mineral gübrələr verilib, vaxtlı-vaxtında suvarma suyu ilə təmin edilib. Nəticədə tarlalarda bol məhsul yetişib.

Məhsulu itkisiz və tez bir zamanda yığmaq üçün 1178 hektarda pambığın yarpaqlarının kimyəvi yolla tökdürülməsi həyata keçirilib. Pambıq yığımına 9 ədəd pambıqyığan kombayn, 25 ədəd traktor, 54 ədəd qoşqu cəlb edilib. Hazırda pambığın həm əl əməyi, həm də pambıqyığan kombaynlar vasitəsilə yığımı həyata keçirilir. Rayon pambıqçıları bir neçə gün ərzində 36 tondan artıq məhsul toplayaraq tədarük məntəqələrinə təhvil veriblər. Havaların əlverişli keçməsi məhsulun tez və itkisiz yığılmasına şərait yaradır.

Bu il rayon üzrə 6 min tondan çox məhsul istehsal edilməsi proqnozlaşdırılır.

AZƏRTAC