Astaralı kümçülərə 50 qutu ipəkqurdu toxumu paylanılıb

Mayın 7-də Astara Rayon Aqrar İnkişaf Mərkəzində Qax Damazlıq İpəkçilik Stansiyasından gətirilmiş 50 qutu ipəkqurdu toxumu kümçülərə paylanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Astara rayonunda uzun müddət tənəzzül dövrünü yaşayan ənənəvi təsərrüfat sahələrindən olan baramaçılıq dövlətin dəstəyi ilə 2016-cı ildən yenidən dirçəlməyə başlayıb. Baramaçılığın yem bazasını təmin etmək məqsədilə rayonda 22000 tut tingi əkilib.

Ötən il kümçülər 1262,6 kiloqram yaş barama tədarük edərək “Azəripək” MMC-yə təhvil veriblər. Təhvil verilən yaş baramanın hər kiloqramına görə kümçülərin hesabına dövlət tərəfindən 5, “Azəripək” MMC tərəfindən 4 manat olmaqla, 9 manat vəsait ödənilib.

Astara rayonunda baramaçılıq əsasən Kijəbə və Ərçivan qəsəbələrində, Kakalos, Şüvi, Şahağac, Təngərüd, Səncərədi və Suparibağ kəndlərində inkişaf etdirilir.

AZƏRTAC

Fotolent